Laçında yol qəzasında ölən hərbçi Tovuzda dəfn edildi - FOTO

17 İyun 2021 20:02

Dövlət Sərhəd Xidmətinin (DSX) dünən Laçın rayonunda baş verən yol qəzası nəticəsində həlak olan hərbi qulluqçusu, baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hərbçi bu gün Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, DSX-nin yol qəzasında ölən digər hərbi qulluqçusu - gizir Kamallı Kamal Vilayət oğlu bu gün Şəki rayonunun Şəki kəndində dəfn olunub.

DSX-dan APA-ya verilən məlumatda Laçında baş verən yol qəzasında ölən hərbi qulluqçulara şəhid statusu veriləcəyi açıqlanıb.

Xatırladaq ki, iyunun 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında "MAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Milli.Az