Danimarka şirkəti SOCAR-la karbonsuzlaşdırma barədə müzakirələrə hazırdır

17 İyun 2021 14:36

Danimarkanın "Haldor Topsoe" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə karbonsuzlaşdırmanın bütün aspektlərini müzakirə etməkdə maraqlıdır.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, "Haldor Topsoe"nin Azərbaycandakı fəaliyyəti əvvəllər ənənəvi texnologiyalar və katalizatorlar spektrinə yönəlmişdi:

"Bu gün qlobal enerji transformasiyası davam edir və "Haldor Topsoe" iqlim problemlərinin həllinə öz töhfəsini verir. Karbonsuzlaşdırma və yeni "yaşıl" gündəm bütün dünyada müştərilərimizlə müzakirələrimizin hissəsidir. Biz SOCAR-ı Azərbaycanın qlobal enerji şirkəti kimi tanıyırıq, eləcə də karbonsuzlaşdırmanın bütün aspektlərini müzakirə etməkdə maraqlıyıq".

Şirkət öz mənfəətinin təxminən 8 faizini araşdırma və tədqiqatlara sərf edir:

"Onilliklər ərzində biz ekoloji aspektlərə, o cümlədən enerji səmərəliliyi, tullantıların azaldılması və karbon izinin aradan qaldırılması məsələlərinə diqqət ayırmışıq. Son dövrlərdə iqlim problemləri bu sahələrə marağı artırıb və "Haldor Topsoe" karbonsuzlaşdırma ilə bağlı geniş həll yolları spektri təqdim edir".

Milli.Az