Gənc aktrisa: "Amaliya Pənahovaya bənzətdikləri üçün məni seçdilər"

18 İyun 2021 22:44

Mərhum Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan sənədli film çəkilib.

Milli.Az ssenari müəllifi Vidadi Hüseynov, quruluşçu rejissoru Ruslan Hüseyn olan "Onun qəribə taleyi. Amaliya Pənahova" adlanan ekran işində mərhum aktrisanın obrazını canlandıran Aygün Fətullayevanın film haqda fikirlərini təqdim edir.

- Aygün xanım, necə oldu baş rol təklifini aldınız? Niyə məhz sizə təklif olundu Amaliya xanımın obrazı?

- Təklif İctimai Televiziyadan gəldi. Ssenari müəllifi Vidadi Hüseynov, quruluşçu rejissor Ruslan Hüseyn və prodüser Əziz Əli birgə qərar olaraq məni dəvət etdilər. Yəqin ki, Amaliya xanıma bənzətdikləri üçün məni seçdilər. Televiziyaya gedəndə Vidadi müəllim məni görən kimi kövrəldi, qəribə hisslər yaşadı. Dedi ki, kopya Şahnaza oxşayırsan. Amaliya xanım haqda söhbətlər etdik, kitablar götürdüm və başladım Amaliya xanımı öyrənməyə. Çəkilişlər dərhal yox, söhbətimizdən bir müddət sonra başladı.

- Bəs sənət yollarınız kəsişib Amaliya xanımla?

- Sənət yolumun kəsişməsi desəm, bir az böyük səslənər, amma həyat yolum kəsişib. Tələbə vaxtı onun ustad dərslərində iştirak etmişəm, bir neçə dəfə canlı ünsiyyətdə olmuşam, dəhlizdə rastlaşmışam. Şəxsən tələbəsi olmasam da, filmləri, teatr yaradıcılığı ilə böyümüşəm. Amaliya xanımın sənət yolu hamımıza örnəkdir. Artıq indi hiss edirəm ki, bizim sənət yollarımız kəsişdi. Bu, kəsişməkdən də üstün bir hadisədir, bağlılıqdır, doğmalıqdır. Amaliya xanım bir çox dəyərli sənətkarları yenidən teatra qaytarmaqla onlara yeni həyat verib. Artıq mənim də filmoqrafiyamda onun kimi böyük sənətkarın izi, işığı var. Özümü çox şanslı və qürurlu hiss edirəm.

- Sizcə, Amaliya xanım sağ olsaydı, özü ifanızı izləsəydi, necə qiymətləndirərdi?

- Amaliya xanım cismən bizlə olmasa da, ruhən sənəti daim yaşayır. Çəkiliş vaxtı çox dua edirdim ki, onun ruhu bizi hiss etsin, kömək olsun. Amaliya xanımın adına layiq bir iş ortaya qoymağa çalışdıq. Ailə üzvlərindən aldığım xoş fikirlər məni daha da ruhlandırdı. Sualınıza gəldikdə isə, gözəl sualdır, əlbəttə, çox istərdim məni izləsin. Amaliya xanım hər zaman gənclərə dəstək olub, özü də çox çətinliklərlə üzləşib. Məncə, mənə də dəstək olar və bəyənərdi. (publika.az)

Milli.Az