Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı tibb işçiləri ilə görüşüb - FOTO

17 İyun 2021 12:42

Xaçmaz rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edərək, ruhuna ehtiram nümayiş etdiriblər.

Açıq havada tibb işçiləri ilə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev peşə sahiblərini təbrik edib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Peşə Bayramı Gününün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsidir. Son illər ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində və koronovirus pandemiyası ilə mübarizə tədbilərində həkimlərin fəaliyyəti yüksək qiymətləndirilib.

Tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sonda bir qrup tibb işçisi rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Milli.Az