Ölümü ilə ölümsüzlük qazanan cəsur döyüşçü - VİDEO

17 İyun 2021 12:39

30 illik vətən həsrətinə son qoymaq uğrunda aparılan əks-hücum əməliyyatlarında ən öndə gedənlərindən oldu, torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi. Ancaq qələbəni görmək ona qismət olmadı. Böyük zəfərə beş gün qalmış qəhrəmancasına şəhid olan MAXE Həsən Bayramovdan söhbət açacağıq. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, əsl peşəsi dizayner idi, amma orduda xidmətə can atırdı. Sanki ordumuzun tezliklə müqəddəs bir vəzifə ilə döyüşə atılacağını bilir, onun sıralarını gücləndirməyə çalışırdı. MAXE kimi işə başlaması ötən ilin Tovuz döyüşlərinə təsadüf etdi. Bir neçə ay sonra isə ordumuzun başladığı əks-hücum əməliyyatlarına qatıldı. Söhbət 44 günlük vətən müharibəsinin qəhrəmanlarından biri Həsən Bayramovdan gedir. 

O, manqa komandiri kimi girdiyi döyüşlərdə həm tapşırıqları yerinə yetirməyə, həm də əsgərlərini qorumağa çalışırdı var gücüylə. Hətta mina qəlpələri ilə yaralananda belə ona kömək etmək istəyən əsgərlərinə təhlükəsiz əraziyə çəkilməyi əmr etmişdi..40 gün canı-qanı ilə savaşdı, Laçın dəhlizində şəhadətə ucaldı. Ailəsinə və millətinə ömür boyu fəxr ediləcək miras qoydu. 

İndi Həsənin adı həm doğulduğu Göygöl rayonunun, həm də Şəhidlər xiyabanında uyuduğu Gəncənin ürəyində əbədi olaraq həkk olunub. Göygölün mərkəzi küçələrindən biri onun adını daşıyır: 

Şəhid Həsən Bayramov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az