"Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri daha yüksək zirvələrə daşıyacaq"

17 İyun 2021 10:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfəri iki qardaş ölkə arasında əlaqələri və əməkdaşlığı yeni və daha yüksək zirvələrə daşıyacaq. Azərbaycan-Türkiyə əməkdaşlağında yeni dövr başlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır: "Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və Ümummilli Liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki qardaş ölkə arasında əməkdaşlığın strateji yol xəritəsidir. Bu sənəd tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrini daha da sarsılmaz edəcək".

Deputat vurğulayıb ki, Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi: "Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir".

Deputat əlavə edib ki, iki qardaş ölkənin iqtisadi münasibətləri çox geniş sferanı əhatə edir. Burada enerji sahəsində də əməkdaşlıq mühüm rol oynayır: "Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Şuşa Bəyannaməsi iqtisadi əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq, Vətən müharibəsindən sonra bölgədə yaranmış əməkdaşlıq platformlarının, o cümlədən enerji, kommunikasiya, nəqliyyat platformalarının səmərəli və sürətli həyata keçirilməsinə böyük təkan verəcək və regionda olan bütün ölkələrin maraqlarına xidmət edəcək çünki hər bir ölkə yaradılmış bu əməkdaşlıq platformasından iqtisadi dividentlər əldə edəcəklər".

Milli.Az