Latın Amerikasında koronavirusun rast gəlinən Lambda variantı ÜST-nin xüsusi müşahidəsi altına alınıb

16 İyun 2021 23:14

İndiyədək koronavirusun əsasən Latın Amerikasında rast gəlinən Lambda variantı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi müşahidəsi altına alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu variantı mutasiyaya uğraması onun daha yoluxucu olmasına və ya insanın immun sisteminin bu varianta yetərsiz müqavimət göstərməsinə yol aça bilər. Təşkilatın yaydığı məlumatda kifayət qədər etibarlı araşdırma və statistik məlumatların hələ əldə edilmədiyi, lakin variantın bir neçə ölkədə yayılmasının diqqətçəkən məqam olduğu qeyd edilib.

Bildirilir ki, bu varianta ilk dəfə 2020-ci ilin avqust ayında Peruda rast gəlinib. Bu ilin aprel ayından bəri analiz edilmiş bütün yoluxma hallarının 81 faizinin bu varianta aid olduğu müəyyən edilib. Argentina və Çilidə isə ötən aylarda yoluxmaların üçdə bir hissəsi bu variantın payına düşüb.

Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsnifatlanır. Müşahidə altına alınan variantlara "maraq doğuran variant" ("variant of interest") adı verilir. Bir və ya bir neçə ölkədə yoluxmaların əksəriyyətini təşkil edən variantlar bu cür adlandırılır və Lambda hazırda bu kateqoriyaya daxildir.

Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə "narahatlıq doğuran variant" ("variant of concern") adı verilir, onlara qarşı mübarizə aparmaq çətin olur və yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. Bu qəbildən olan variantlar arasında hazırda Hindistanda geniş yayılmış Delta variantı diqqəti çəkir.

Milli.Az