Komandirini xilas edərkən şəhadətə yüksələn əsgər - VİDEO - FOTO

16 İyun 2021 23:24

Məmmədli Şahı Elman oğlu 1995-ci il iyunun 6-da Ucarın Bərgüşad kəndində dünyaya göz açıb. Orta məktəbdən sonra kollecdə turizm sahəsi üzrə təhsil alıb. Həqiqi hərbi xidməti bitirib və bir müddət Rusiyada yaşayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda geri qayıdıb, minlərlə gənc kimi yağı düşmənlə döyüşlərə atılıb. Tərtər, Suqovuşan, Talış, Ağdərə uğrunda döyüşüb.

Şəhid atası Elman Məmmədli bildirir ki, oğlu döyüş zamanı neçə-neçə yaralıya kömək edib: "Yaralıları döyüş bölgəsindən çıxarıb, sonda da özü gedib irəli. Ağır döyüşlərin birində Şahının komandiri ayağından yaralansa da, oğlum onu oradan çıxarmaq üçün irəli atılıb. Ona nə qədər desələr də ki, "minamyot yağış kimi yağır, ora girmək olmaz", amma Şahı hər şeyi gözə alaraq öz komandirini xilas etməyə çalışıb. Elə həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib".

Şahının bacısı Sevinc Məmmədli hər zaman onunla qürur duyub: "Təmiz, saf həyatı vardı. Hər şeyə, hər kəsə inanırdı. Övladı anadan olan gün "watsap"ında statusa qoymuşdu ki, artıq məni çiyinlərində daşıyacaq bir övladım oldu. Hamı ona irad tutdu ki, "bu nə statusdur?! Sənin hələ nə yaşın var ki, belə yazı yazıbsan?!". Bilirmiş ki, həyatı qısa olacaq...".

Şəhidimiz ötən il ailə qurub, müharibədən 25 gün əvvəl oğul övladı dünyaya gəlib. Həyat yoldaşı Leylanın sözlərinə görə, nə qədər israr etsə də, o, övladını deyil, Vətəni üstün tutdu.

Leyla ilə Şahı 2019-cu ilin noyabrında ailə həyatı qurublar. Ötən ilin avqustunda övladları Ömər dünyaya gəlib: "Təxminən 20-25 gün oğlumuzu gördü, onunla bir yerdə oldu. Çox sevinirdi. Adını da özü seçmişdi. Mehriban, ailəcanlı insan idi. Müharibə başlayanda ona dedim ki, getmə. O isə düşünmədən Vətəni, torpağı seçdi. Çox vətənpərvər idi. Həyat yoldaşımla qürur duyuram".

Əsgər Şahı Məmmədlinin son döyüşü Ağdərə istiqamətində olub və orada şəhidlik zirvəsinə ucalıb. "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bu günlərdə şəhidin doğum günü uyuduğu kənd qəbiristanlığında qeyd olunub. Yaşasaydı, ömrünün 26-cı baharını görəcəkdi Şahı Məmmədli...

Şəhidin anım mərasimi kənd sakinlərinin, əsgər yoldaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin, yaxın dostlarının və ailə üzvlərinin iştirakı ilə keçirilib. Məzarı üstünə çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Şahı Məmmədlinin doğulduğu Bərgüşad kəndi birinci Qarabağ müharibəsində 20, ikinci Qarabağ müharibəsində isə 5 şəhid verib.

Milli.Az