Dəccal kimdir ya nədir?

19 İyun 2021 23:50

Dünyanın sonu (axirəz-zaman) və Mehdinin (ə) zühuru ilə bağlı məfhumlardan biri də Dəccal mövzusudur. İmam Mehdinin (ə) zühurundan əvvəl peyda olub xalqı azdırmağa çalışacaq Dəccalın kimliyi, xüsusiyyətləri, fəaliyyəti, ölümü barədə fərqli rəvayətlər vardır. Əvvəlcə bunu qeyd edək ki, Dəccal məfhumuna yalnız İslamda deyil, digər səmavi dinlərdə də rast gəlirik. Həm yəhudi, həm də xristian dinində dünyanın sonuna yaxın şeytanın tərəfdarı olan bir varlığın zühur edəcəyi bildirilir. Xüsusilə, xristianlıqda bu mövzu daha qabarıq görünür.

Xristianlıqda dəccal obrazı

Xristianlıqda İsa Məsihə (ə) və onun zühuruna əks qüvvə olaraq göstərilən Dəccal obrazının adı "anti-xristdir", yəni əks-Məsih, Məsihin düşməni.
Bibliya mətnindən aydın olur ki, ilkin xristian təsəvvürünə görə, Dəccal ümumiləşdirilmiş bir obraz olub, Həzrət İsanı (ə) inkar edən hər şəxsə deyilirdi: "Siz Məsih əleyhdarının gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır" (Həvari İohannın birinci məktubu, 2:18). "İsaya iqrar etməyən hər ruh isə Allahdan deyil. Bu, Məsih əleyhdarının ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır" (Həvari İohannın birinci məktubu, 4:3).

"Dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyinə iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır" (Həvari İohannın ikinci məktubu, 7-ci cümlə). Bu cümlələrdə "Məsihin əleyhdarı" kimi tərcümə edilmiş ifadələr rus dilində "antixrist", ingilis variantlnda "antichrist" formasında işlənib. İlkin xristian təsəvvürünə görə, bu dinin əleyhinə fəaliyyət göstərən, Məsihi inkar edən hər kəs "antixrist" adına layiqdir və bu adla tanınır. Daha sonralar antixrist obrazı xüsusiləşdirildi və İsanın (ə) ikinci gəlişi ərəfəsində zühur edəcək, özünü Məsih kimi təqdim edib camaatı azdıracaq varlığa aid olundu. Orta əsrlərə aid rəsmlərdə Avropa rəssamları Dəccalı normal insan qiyafəsində, hətta bəzi cizgilərinə görə İsaya (ə) bənzər şəkildə təsvir edirdilər; bu da Dəccalın özünü İsa (ə) kimi təqdim edib insanları aldadacağına işarə idi. Daha sonralar Dəccal obrazı fantastik çalar qazandı, onu İblisə bənzər eybəcər və dəhşətli formalarda təsvir etmək ənənəsi meydana gəldi.

"Dəccal" sözünün mənaları

"Dəccal" sözünün mənşəyi barədə nəzəriyyələr fərqlidir.

1. Bəzi dilçi alimlər "dəccal" sözünün ərəb dilində qətran mənasını verən "düceyl" sözündən qaynaqlandığını yazırlar. Cahiliyyə dövründə ərəblər öz dəvələrinin eyib və nöqsanlarını gözdən gizlətmək üçün onları qara qətranla boyayırdılar. Dəccal da qiyamət öncəsi bütün dünyanı qətran kimi yalan və zülmə bürüyəcək.

2. Ərəb dilində "dəcl" sözü yalan, iftira mənasını verir. Dəccal tanrılıq iddiası edib möcüzələr göstərdiyini söyləyəcək, sehr yolu ilə insanları aldadacaq, buna görə onun adı da yalanla bağlıdır.

3. Bəzi məlumatlara görə, ərəb dilində "dəcl" gəzib-dolaşmaq mənasını bildirir. Dəccal yer üzünü gəzib batili təbliğ edəcək deyə, adı da bu mənanı verir.

4. Örtmək, bürümək sözünün ərəb dilində qarşılıqlarından biri də "tədcil"dir. Dəccala ona görə bu adı veriblər ki, onun tərəfdarları çoxalıb yer üzünü bürüyəcək.

5. "Tədcil" felinin daha bir mənası qızıl suyuna çəkmək, qızıla tutmaqdır. Bir şeyin əsil dəyərini artırmaq üçün fırıldaqçılar onu qızıl suyuna çəkirlər. Dəccal da batilə haqq donu geyindirməklə insanları aldadacaq.
Bu adın ərəbcə "nəcasət, murdarlıq, yol gedən böyük dəstə" mənalarını verməsi haqqında da fərziyyələr vardır. Məşhur lüğət kitabı olan "Tac əl-ərus"da bu mənaların hər biri ətraflı şəkildə qeyd edilib (28-ci cild, səh. 470-472). Müəllif bu sözün mənşəyi barədə nəzəriyyələri sadaladıqdan sonra qeyd edir ki, onun fikrincə ən düzgün variant budur: "dəccal" yalançı (kəzzab) mənasını verir. O, sehr, yalan və iftira ilə haqqı gizlədəcək, qəlbində olanların əksini zahir edəcək (yəni özü inanmadığı məsələlərdən danışacaq, haqqı çatmayan iddiaları irəli sürəcək).
Bəzi tədqiqatçılar "dəccal" sözünün etimologiyasını daha qədim dövrlərə bağlayaraq belə bir fərziyyə irəli sürürlər ki, bu sözün sonundakı "al" hissəciyi "tanrı, ilah" mənasını verir (Daniyal, Hezqiyal sözlərindəki kimi). Sözün əvvəli isə düşmən, zidd mənalarını verə bilər. Beləliklə, bu nəzəriyyəyə görə, "dəccal" sözü "Allahın düşməni, Allaha zidd gedən" anlamına gəlir.

Dəccal - canlı varlıq, yoxsa..?

Milli.Az islam.az-a istinadən bildirir ki, Dəccal barədə həm sünni, həm də şiə mənbələrində məlumatlara rast gəlirik. Dəqiqlik xatirinə bunu qeyd etməliyik ki, əhli-sünnə mənbələrindəki hədislərin sayı və mövzu rəngarəngliyi şiə mənbələrinə nisbətən daha artıqdır. Belə ki, əhli-sünnənin mötəbər saydığı səhih və sünnə kitablarının bir çoxunda, o cümlədən, Səhihi-Buxari və Səhihi-Müslimdə, Sünəni-Tirmizi, Sünəni-İbn Macə və Müsnədi-Əhməd ibn Hənbəldə dəccal barədə hədislər mövcuddur. Hakim Nişapuri, Beyhəqi, Təyalisi, Təbərani, Müttəqi Hindi, Heysəmi və başqaları öz hədis məcmuələrində bu mövzuda rəvayətlərə yer ayırmışlar.

Şiə mənbələrində dəccal barədə rəvayətlərin sayı daha azdır. Belə ki, qədim şiə mənbələrində ya dəccal barədə heç nə deyilmir, ya da çox məhdud məlumatlar verilir.
Dəccalla bağlı hədislərdən çıxan nəticələr xeyli ziddiyyətlidir. Elə buna görə bəzi alimlər dəccal mövzusunda fərqli fikirlərə gəlmişlər. Məsələn, Misirli böyük təfsir alimi Məhəmməd Əbduh dəccalı konkret şəxs deyil, xurafat və yalanların məcmusu hesab edirdi. Alim bu qənaətdə idi ki, şəriət cəmiyyətdə öz həqiqi yerini tapdıqdan, dinin hikmətləri xalqa layiqincə çatdırıldıqdan sonra bütün bu mənfiliklər aradan gedəcək və dəccal anlayışı yox olacaq (Təfsir əl-mənar, 3-cü cild, səh. 317).

Ayətullah Lütfullah Safi Gülpaygani özünün "Müntəxəb əl-əsər" kitabında (3-cü cild, səh. 301) dəccal anlayışını konkret şəxsə yoxsa sosial fenomenə aid etmək barədə mübahisələrə toxunur və sonda dəccalın konkret şəxs olması fikrini təsdiqləyir. O, əks tərəfin iddialarını rədd edərək, bunları dəccalın canlı varlıq olmasına şübhə gətirəcək dərəcədə tutarlı saymır. Onun fikrincə, dəccal barədə rəvayətlər təvatür həddindədir.

Digər böyük cəfəri alimi Ayətullah Nasir Məkarim Şirazi bu fikirdədir ki, dəccal deyərkən insanların zehnində təkgöz, əfsanəvi ulağın belinə minmiş konkret şəxs canlansa da, o, konkret bir şəxs deyil. Dəccal yalançı, hiyləgər və hoqqabaz insanların ümumiləşdirilmiş obrazıdır. Bu cür adamlar kütləni öz arxasınca aparmaq üçün hər üsuldan istifadə edir, müxtəlif sahələrdə aparılan hər cür qurucu inqilabın (dəyişikliyin) qarşısını almağa çalışırlar (N.M.Şirazi. Mehdinin ümumdünya hökuməti, səh. 172-173). Lakin müəllif bu ehtimalı da diqqətdən kənarda qoymur ki, dəccalların başında onlara rəhbərlik edən böyük dəccalın olması da mümkündür. Hədislərdə qarşımıza çıxan konkret xüsusiyyətlər də ona aid ola bilər (yux. mənbə, səh. 175).

Şəhid Seyyid Məhəmməd Sədr "İmam Mehdi ensiklopediyası"nda dəccal barədə həm əhli-sünnə, həm də şiə mənbələrindəki hədisləri ətraflı təhlil etmiş, bunların zəif cəhətlərini göstərmişdir. Müəllif sonda bu qənaətə gəlir ki, dəccal barədə hədislər iki əsas problemə malikdir. Birincisi, bu hədislərin bir qisminin sənədi zəif, bir qismi isə vahid xəbərdir (yəni öz mövzusunda tək hədisdir).

Əqidəvi mövzularda vahid xəbərə etimad olunmaz. İkinsi problem isə hədislərin məzmunu ilə bağlıdır. Belə ki, bu rəvayətlərdə dəccalın elə möcüzələr göstərəcəyi bildirilir ki, kafir bir şəxsin bunu etməsi mümkün deyildir; Allah heç bir kafirə bu möcüzələri göstərmək qüdrətini verməz. Buna görə müəllif mövzuya yekun vuraraq yazır ki, dəccal haqqında hədislər öz-özlüyündə zahiri və həqiqi mənada qəbul edilməzdir. Peyğəmbərin (s) və digər məsumların bu hədisləri (onların bir qismini də olsa) söyləməsinin səbəbi bununla izah edilə bilər ki, məsumlar "insanlarla, onların ağıllarına uyğun şəkildə danışın" qaydasına riayət etmişlər.

O zamanın insanları məsələnin mahiyyətini çılpaqlılğı ilə dərk edə bilmədikləri üçün Peyğəmbər (s) bu üsula əl atmış, dəccalı konkret şəxs olaraq tanıtdırmışdır.
Əslində isə dəccal konkret bir şəxs deyil, ümumiləşdirilmiş məfhumdur, İmam Mehdinin (ə) zühurundan əvvəl dünyanı bürüyəcək ideoloji fitnənin obrazıdır. Bu ideoloji fitnə ən yüksək texnologiyaların yardımı ilə insanları aldatmaq gücünə sahib olacaq və Həzrət Mehdi (ə) həmin batil ideologiyanı məhv edərək yer üzündən siləcək. Şəhid Sədr qəti şəkildə bildirir ki, ya dəccal haqqında hədisləri zahiri mənada qəbul etməliyik, bu halda gərək onların demək olar ki, hamısından imtina edək.

Ya da onları simvolik mənada qəbul etməliyik. Bu hədisləri simvolik anlamda qəbul etmək onları rədd etməkdən daha yaxşı və daha doğrudur. Oxucuların diqqətinə çatdırırıq ki, müəllif dəccal mövzusunu heç də tamamilə rədd etməmişdir. O yazır: "Hədislərdən çıxan məna budur ki, dəccalın varlığı həqiqətdir. Amma o, hədislərdəki ifadələrin zahirindən çıxan xüsusiyyətlərə malik konkret fərd deyil. Nə keçmişdə bu xüsusiyyətlər həyata keçib (yəni belə bir şəxs olub), nə də gələcəkdə baş tutacaq. Əslində dəccal - bir sıra küfr xarakterli dünyəvi ictimai təzahürlərdən ibarətdir" (Seyyid Mühəmməd Sədr. Tarix əl-ğeybət əl-kübra, 2-ci cild, səh. 517).

İmam Mehdi (ə) mövzusunda daha bir dəyərli əsərin - "Xilas günü" kitabının müəllifi Kamil Süleyman dəccal barədə yazır:
"Bu sətirlərin müəllifi dəccal barədə qəti bir nəticəyə gələ bilməmişdir. Çünki dəccal barədə mövcud olan rəvayətlərin əksəriyyəti etibarsızdır. Onlarda elə mətləblərə rast gəlirik ki, qondarma olması dəqiqdir. Bu hədislərin mətni sübut edir ki, məsum şəxs tərəfindən buyurulmayıb. Bu hədislərə, onları yaradanların zövq və istəyi təsir edib. Peyğəmbərdən nəql edilən hədislər zalım xəlifə rejimləri tərəfindən qondarılmış rəvayətlərin içində itib-batıb, onları bir-birindən ayırd etmək çox çətindir.

Güclü ehtimala görə, Peyğəmbərin hədislərində dəccala aid edilən xüsusiyyətlər konkret fərdə məxsusdur. Yəni dəccal bir şəxsdir (canlıdır), növ (cansız) deyil. Amma bu xüsusiyyətləri müəyyən şəxsə tətbiq etməkdə hər hansı konkret nəticəyə gələ bilmədim... Mənim fikrimcə, dəccal barədə məsələlərin 90 faizi qondarmadır. Qalan 10 faiz isə qəribə xüsusiyyətlərə malik olan konkret şəxsə aiddir. İnşallah, Parlaq Günəşin (yəni İmam-zamanın) yaxın zühuru ilə bunların dəqiq mənası hamıya aydın olacaq" (Kamil Süleyman. Xilas günü, 2-ci cild, səh. 1143).
Son dövrün böyük tədqiqatçı alimlərindən olan Ayətullah İbrahim Əmini də dəccal mövzusunda ehtiyatla davranmışdır. O, "Dünyanın ədalət nizamlayıcısı" kitabında dəccal haqqında mövcud hədisləri xatırladaraq bu nəticəyə gəlir:

"Qeyd edilən hədislərdən də bu nəticə çıxır ki, dəccal konkret şəxs deyil, hər bir yalançı və azdırıcıya bu ad şamil edilir. Xülasə, dəccal əhvalatının kökünü Müqəddəs Kitabda (Bibliyada) və xristianların arasında axtarmaq lazımdır. Dəccal haqqında əksər hədislər və onların təfsilatı əhli-sünnə kitablarında mövcuddur və onların yolu ilə nəql edilib. Hər halda, ümumilikdə dəccal məsələsinin doğru olması həqiqətdən uzaq görünmür, amma onun tanıtım və xüsusiyyətlərinin etibar ediləsi sübutu yoxdur".

Daha sonra müəllif qeyd edir ki, dəccal haqqında şiə mənbələrindəki məlumatların əksəriyyəti iki hədisdən qaynaqlanır; bu hədislər "Bihar əl-ənvar" və digər kitablarda qeyd edilib. Amma həmin hədislərin sənəd zəncirindəki 5 rəvayətçi barəsində rical mütəxəssisləri ya mənfi rəy bildirmiş, ya da onlar haqqında məlumata sahib olmadıqlarını yazmışlar. Bununla belə, müəllif dəccal haqqında yazılanların həqiqətə uyğun olma ehtimalını qəbul edərək yazır ki, İmamın zühuruna yaxın son dərəcə yalançı və hoqqabaz bir adam meydana çıxıb camaatın bir hissəsini aldatmağa və öz tərəfinə çəkməyə nail olacaq.

Beləliklə, deyə bilərik ki, müəllif dəccalın konkret bir şəxs deyil, yalançı və hiyləgər insanların ümumiləşdirilmiş obrazı olmasına daha çox inanır, amma əsas dəccalın zühura yaxın peyda olacacağı ehtimalını da rədd etmir, həmçinin, dəccalın xüsusiyyətləri və hərəkətləri barədə rəvayətlərə tənqidi yanaşır.

Dəccalın mahiyyəti barədə digər tədqiatçıların da özünəməxsus fikirləri vardır. Ümumiləşdirmə apararaq bunu deyə bilərik ki, əhli-sünnə məzhəbində dəccal mövzusu daha qabarıqdır.
Sünni alimlərinin böyük əksəriyyəti (az bir qismi çıxmaqla) dəccalın konkret şəxs olduğuna inanır. Əhli-sünnənin rəyinə görə, dəccal dünyanın sonuna yaxın zühur edəcək, hədislərdə göstərilən xüsusiyyətlərə sahib olacaq və İsa Məsih (ə) tərəfindən öldürüləcək. Bəzi sünni rəvayətlərində hətta dəccalın ilk İslam dövründən bəri həyatda olduğu və ölmədiyi vurğulanır. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Said adlı bir nəfər tanrılıq iddiası etmiş, Peyğəmbər də onu dəccal adlandırmışdı. Kitablarda yazırlar ki, Said onu dəccal sayanlara etiraz edərək deyirmiş ki, mən dəccal deyiləm. Çünki peyğəmbərin hədisinə görə, dəccalın övladı olmaz və o, Məkkə, Mədinə şəhərlərinə girə bilməz. Mənim isə övladlarım var, özüm Mədinədə doğulmuşam, indi də Məkkəyə gedirəm.

Dəccalın qiyamətdən əvvəl peyda olacağı, xalqı aldadıb öz tərəfinə çəkəcəyi, qəribə möcüzələr göstərəcəyi, axırda Məsihin əli ilə öldürüləcəyi inancı əhli-sünnədə güclüdür.
Hətta deyə bilərik ki, sünni məzhəbində qiyamət inancının mühüm hissələrindən biri dəccalla bağlıdır; dəccalsız qiyamət olmaz. Böyük əhli-sünnə alimi Nəvəvi "Səhihi-Müslim"ə yazdığı şərhin son cildində dəccal haqqında inancı müxtəsər şəkildə qeyd etdikdən sonra yazır: "Bu, əhli-sünnənin, bütün hədisçilərin və fəqihlərin məzhəbidir (inancıdır)". Müəllif daha sonra bildirir ki, yalnız xəvaric tayfası, cəhmilər və mötəzililərin bir qismi bu inancı bölüşmür (18-ci cild, səh. 58).

Şiə məzhəbində dəccal məsələsi əhli-sünnədə olduğu kimi birmənalı mahiyyətə malik deyil. Yuxarıda qeyd edildiyi kimi, şiə alimlərin bir qismi dəccalı konkret şəxs yox, sosial fenomen və ya mənfi qüvvələrin ümumiləşdirilmiş obrazı kimi təsəvvür edir.

Beləliklə, dəccalın mahiyyəti barədə fikirləri iki qrupda cəmləşdirə bilərik:
Birincisi, dəccal konkret şəxsdir, qiyamətə yaxın öz missiyasını icra etməyə başlayacaq və İsa Məsih (ə) yaxud İmam Mehdi (ə) tərəfindən öldürüləcək. Bu fikir əhli-sünnənin əksəriyyəti və şiə alimlərin bir qismi tərəfindən müdafiə edilir.

İkincisi, dəccal konkret şəxs deyil, dünyanı bürüyəcək fəsad aparatının simvolu və ya İmam Mehdinin (ə) cahanşümul qiyamına mane olacaq qüvvələrin ümumi simasıdır. Amma bu qüvvə də İmamın (ə) ilahi missiyasına mane ola bilməyəcək və simvolik dillə desək, o həzrətin əlində məhv olacaq.

(Dördüncü hissə)

Dəccal nə zaman meydana çıxacaq?

Bir gün Həzrət Əli ibn Əbu Talib (ə) camaatın qarşısında xütbə söyləyirdi. Səhabələrdən Səsəə ibn Suhan ayağa qalxıb soruşdu:

- Ya Əmirəl-möminin! Dəccal nə zaman meydana çıxacaq?
İmam cavab verdi:

- Otur, Allah sənin səsini eşitdi və nə istədiyin bildi (yəni sən öz sualını verdin, indi mən Allahın izni ilə cavabını söyləyim). Allaha and olsun, bu sualın soruşulduğu adam soruşandan artıq bilmir (yəni mən də sənin kimi o günün dəqiq vaxtını bilmirəm). Amma həmin zamanın bəzi əlamətləri vardır. Və ayaqqabının tayları bir-birinə uyğun olduğu kimi, bu əlamətlər də bir-birinin ardınca həyata keçəcək. İstəsən, onlardan səni xəbərdar edərəm.

Səsəə cavab verdi:

- Bəli, ya Əmirəl-möminin, istəyirəm.
İmam buyurdu:

- Yadında saxla, bunun əlaməti budur ki, camaat namazı öldürər. (Yəni namazı qılmazlar və unudarlar).
Əmanəti zay edərlər. (Yəni əmanəti sahibinə çatdırmadan yox edərlər).

Yalanı halal bilərlər.

Rüşvət alarlar.

Çox uca və möhkəm binalar tikərlər. (Yəni dünyaya aludə olub, uca qəsrlərdə, cah-cəlallı saraylarda yaşayarlar). Dini dünyaya satarlar.
Ağılsız və səfeh adamlarla durub-oturarlar.

Qadınlarla məşvərət edərlər.

Qohumlarla əlaqəni kəsərlər.

Öz həvavü-həvəslərinə (yəni nəfsani istəklərinə, tamahlarına) tabe olarlar.

Qana ehtiram göstərməzlər. (Yəni qan tökməyi adi hal sayar və insan həyatına məhəl qoymazlar).

Helm və mülayimlik zəifləyər.

Zülm törətmək fəxr sayılar.

Hökm sahibləri (vəzifə adamları) günah əhli olarlar.

Vəzirlər zülm edərlər.

Tanınmış (məşhur) adamlar xəyanətə bulaşarlar.

Yazıb-oxumağı bacaranlar (savadlılar) fasiqlikdə (günahkarlıqda) məşhur olarlar.

Əxlaqsız işlər açıq-aşkar edilər.

İftira və böhtan, günah və tüğyan artar.

Quranlar bəzədilər. (Yəni Quranın cildini və vərəqini bəzəyər, içindəkiləri isə oxumaz və əməl etməzlər).
Məscidlər bər-bəzəyə tutular. (Yəni məscidlərin bəzəyinə fikir verərlər, orada qılınan namazların keyfiyyətinə yox).
Uca-uca minarələr tikilər.

Cərgələr dolu və izdihamlı olar. (Burada həm məscidlərdə xüzu və xüşusuz qılınan namazlarda iştirak edənlərin sayının çoxluğu, həm də günah məclislərindəki sıxlıq nəzərdə tutula bilər).

Nəfsin istəkləri növbənöv olar. (Yəni günahların, haram əyləncələrin sayı və çeşidi çoxalar, hərənin başı bir günaha qarışar).
Əhd-peymanlar (vədlər) pozular.

Qadınlar dünya malına həris şəkildə ticarətdə öz ərlərinə şərik olarlar.
Günah sədaları ucalar və onu dinləyənlərin sayı çoxalar. (Yəni haram əyləncə yerlərindən gələn çal-çağır sədaları hər yeri bürüyər).

Cəmiyyətin (millətin) başçıları əslində onun ən alçaq üzvləri olarlar.

Camaat günahkar adamın şərindən qorxar (və ona etiraz etməz).

Yalançının sözü doğru sayılar.

Xain adamı əmanətdar kimi qəbul edərlər. (Yəni insanlara verilən qiymət dəyişər, hər kəs layiq olduğu qiyməti almaz).
Camaat musiqi və əyləncə alətlərinə meyl edər.

Ümmətin bir üzvü o birinə lənət deyər (camaat arasında düşmənçilik artar). Qadınlar yəhər üstə qalxarlar. (Ola bilər ki, burada qadın sürücülərin sayının artması nəzərdə tutulur). Qadınlar kişilərə bənzəyərlər (geyimdə, davranışda, fəaliyyətdə kişilərə tay olmağa çalışarlar). Kişilər isə qadınlara oxşayarlar (bər-bəzəyə aludəlikdə, qorxaqlıqda, qətiyətsizlikdə). Şahid görmədiyi hadisəyə şahidlik edər.

Dindən başqa sahələrdə oxuyub, təhqiqat apararlar. (Dini elmlər unudular, mənasız işlərə vaxt və pul sərf edilər). Dünya üçün edilən səylər axirət üçün edilən səyləri üstələyər.
Qoyun dərisindən libas geyinərlər; halbuki, sinələrində canavar qəlbi gizlənib.

Onların qəlbi leşdən daha murdar, zəhərdən daha acıdır.

Vay olsun, vay olsun belə zəmanədən!

Tez olsun, tez olsun zühur belə zəmanədə!

(O zaman bil ki) vəd edilən vaxt yaxınlaşır...

Milli.Az