İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb

15 İyun 2021 13:24

İsmayıllı rayonunda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, İsmayıllının Eyyubbəyli kəndi ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılmış araşdırmalarla Y.Əhmədovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az