Bakıdan Ermənistanı çıxılmaz vəziyyətə salan QƏRAR - ŞƏRH

15 İyun 2021 11:13

"Ermənistan rəhbərliyi Azərbaycanın artan təzyiqləri qarşısında mina xəritələrini verməyə məcbur oldu. Digər tərəfdən isə Paşinyanın seçkiqabağı reytinqinin aşağı düşməsi onu bu addımı atmağa sövq edirdi. Çünki müxalifət onu "hərbi əsir" mövzusu üzərindən daha çox "vurmağa" çalışır"...

Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

O bildirib ki, 97 min mina xəritələrini əldə etmək Azərbaycana bir çox üstünlüklər qazandırır:

"Hər iki amilin aktuallığını qiymətləndirmək olar. Amma hesab edirəm ki, burada əsas məsələ kimi Prezident İlham Əliyevin apardığı müdrik diplomatik siyasət və qətiyyətli addımlar dayanır. Çünki artıq 7 aydan da çox müddət keçməsinə baxmayaraq Ermənistan tərəfi minalanmış ərazilərin xəritlərinin onda olmadığını bildirirdi. Amma Prezident İlham Əliyev davamlı şəkildə, israrla bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlayırdı. Ortada böyük bir müharibə cinayəti var. Ermənistan tərəfi Azərbaycanın bu israrlı davranışları qarşısında nə vaxtsa geri addım atmalı idi, nə vaxtsa beynəlxalq ictimaiyyət Azərbaycanın bu haqlı mövqeyini dəstəkləməli və bu xüsusda Ermənistana yönəlik müxtəlif təzyiqlər, sanksiyalar tətbiq etməli idilər. Ermənistan tərəfi də bunu başa düşürdü. Gec-tez Ermənistan öz mövqeyindən daşınacaqdı və xəritələrin onda olduğunu etiraf edəcəkdi. Bu, reallıqdır və təbii ki, Azərbaycan tərəfinin israrlı, təkidli, qətiyyətli addımlarından sonra Ermənistan dövləti etiraf etdi ki, minalanmış ərazilərin xəritələri onda var. Bu, əslində Ermənistanın bir növ ötən yeddi ay ərzində Azərbaycanın sivil insanlarına və mina təmizləyən şəxslərə qarşı yönəlik hərbi cinayətlərinin olduğunu etiraf etmiş oldu. Azərbaycan nələri əldə etdi?

Hesab edirəm ki, cəmi 15 nəfər erməni hərbçini geri qaytarmaqla 97 min minanın xəritələrini əldə etmək çox ciddi bir nailiyyətdir. Çünki bu minaların geri qaytarılması Azərbaycana bir çox üstünlüklər qazandırır. Birincisi, insan itkisinin qarşısını alır. Əgər təkcə Ağdam ərazisinə 97 min mina döşənibsə, o minaların axtarışı zamanı və yaxud da orada hər hansı tikinti-quruculuq tədbirləri zamanı ən azı yüzlərlə insan həyatını itirə bilərdi. 97 min mina xəritələrinin Azərbaycana verilməsi insanlarımızın, vətəndaşlarımızın həyatını xilas etdi. İkinci tərəfdən, o minaların təmizlənməsinə 10 milyonlarla dollar vəsait lazım idi. Bir minanın basdırılmasının təxminən 40-50 dollar xərci var, amma basdırılmış bir minanın axtarışının, zərərsizləşdirilməsinin xərci 100 dollardan çox vəsait tələb edir. Və 100 dolları 97 000-ə vuranda, bu, 10 milyonlarla vəsait deməkdir. Yəni bu baxımdan Azərbaycan o vəsaitə qənaət etmiş oldu, o vəsaitin digər istiqamətlərə yönləndirilməsinə nail olacaqdır. 

Üçüncü bir tərəfdən, mina xəritələrinin verilməsi Azərbaycanın böyük qayıdış prosesinə bir mühüm töhfə vermiş olacaq. Bundan sonrakı abadlıq, quruculuq tədbirlərinin, infrastruktur layihələrinin daha sürətlə icrasına və konkret olaraq Ağdam rayonunda qaçqınların, məcburi köçkünlərin daha tez bir zamanda öz dədə-baba yurdlarına qayıtması təmin olunacaq. Bir məqamı mütləq qeyd etmək lazımdır: burada bir sual yaranır ki, niyə məhz 15 hərbi qulluqçu və 97 min mina, yaxud niyə yalnız Ağdam və 15 hərbi qulluqçu? Bunun davamı olacaqmı? Çünki biz bilirik, ermənilər təkcə Ağdamı yox, Füzulini də minalayıblar. Elə bu yaxınlarda (4 iyun) Kəlbəcərdə mina partlayışı nəticəsində ikisi jurnalist olmaqla 3 vətəndaşımız həlak oldu. Halbuki o tərəfdə cəbhə xətti olmayıbdır. 

Əslində Paşinyan bu gün göydə razıdır ki, bütün mina xəritələrinin verilməsi müqabilində bütün "hərbi əsirlərini" geri qaytarılmasına nail olsunlar. Bu, Paşinyana divident qazanmaq üçün hava-su kimi lazımdır. Təsəvvür edin ki, seçki qabağı belə bir hadisə baş versə və bütün erməni diversantları, Azərbaycanda həbsdə saxlanılanlar Ermənistana qayıtsa, Paşinyanın mövqeyi çox güclənə bilər. Paşinyan bunun fərqindədir və bu mənada Paşinyan əslində razıdır ki, bütün ərazilərin minalanmış xəritələrini Azərbaycana təqdim edib, bütün mina xəritələrinin qarşılığında bütün hərbi cinayətkarları geri qaytarsın. Paşinyanın belə bir arzusu var. Amma hesab edirəm ki, Azərbaycan bu prosesin qismən-qismən həllində maraqlıdır. Əsas ona görə ki, biz Ermənistan tərəfinə etibar etmirik. Biz bu vaxta qədər Ermənistan tərəfindən yalnız xəyanət görmüşük, yalnız mənfur addımlar görmüşük. Belə bir ehtimal irəli sürə bilərik ki, onlar bütün hərbi cinayətkarları geri qaytarmaqla bütün minalanmış ərazilərin xəritələrini bizə vermiş olsaydılar, onlar bizi aldatmış da ola bilərdilər. O xəritələr heç minalanmış ərazilərin xəritələri olmaya, reallığı əks etdirməyə də bilərdi. Ona görə də ən doğru qərar elə budur ki, biz hissə-hissə 15 hərbi qulluqçunun verilməsi müqabilində Ağdam rayonunun xəritələrini əldə etmək, daha sonra 15 nəfər hərbi qulluqçunu qaytarmaqla daha bir neçə rayondakı minalanmış ərazilərin xəritələrini təqdim edə bilərik. Yəni düşünürəm ki, məhz Ağdam rayonunun mina xəritəsi ilə 15 hərbi qulluqçunun dəyişdirilməsi Azərbaycanın təşəbbüsüdür, Azərbaycan bunu belə təklif edibdir. Ermənistan bu dəqiqə iki əlli razıdır ki, bütün ərazilərin mina xəritəsini versin, Azərbaycan da bütün erməni əsirləri Ermənistana qaytarsın. Lakin biz bu prosesdə Ermənistana güvənmədiyimiz üçün, "Ermənistan tərəfindən aldadılmış ola bilərik" ehtimalına görə yalnız hissə-hissə o prosesin reallaşmasında maraqlıyıq. Yəni görək Ağdamdakı xəritələr doğrudanmı o 97 minlik minanı əhatə edir, yoxsa yox. Ağdamdakı mina xəritələri həqiqəti əks etdirsə, bundan sonrakı mərhələdə o biri rayonların mina xəritələrinin alınması istiqamətində əlimizdəki hərbi cinyətkarları geri qaytara bilərik".

Təhməz Əsədov
Milli.Az