Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər - VİDEO - FOTO

14 İyun 2021 15:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verildi.

"AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.

Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.

Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.

Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.

Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.

Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.

Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.

Prezident İlham Əliyev: Buradadır?

Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.

Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?

Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.

Prezident İlham Əliyev: Qüllə də tikilir?

Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.

Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış oldu.

Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?

Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.

Prezident İlham Əliyev: Orada da başlamısınız?

Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.

Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?

Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladıq.

Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.

X X X

Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

Milli.Az