Təbrizlə İrəvan arasında təyyarə uçuşları açılır

14 İyun 2021 10:45

İranın Şərqi Azərbaycan vilayətinin Hava Limanları Baş İdarəsinin rəisi Təbriz-İrəvan marşrutu üzrə uçuşların təşkil edildiyini bildirib.

Milli.Az Mehr News-a istinadən bildirir ki, Ramin Azəri deyib: "Əldə edilən razılaşmalara görə, uçuşlar bu il iyulun 1-dən başlayacaq və həftəlik həyata keçiriləcək".

Onun sözlərinə görə, İrəvana uçuş ilk dəfədir ki Təbriz hava limanından həyata keçirilir və qrafikə əsasən hər həftənin bazar ertəsi və cümə axşamı günləri (İrəvandan uçuş saat 10:20-də və Təbrizdən yola düşmə saat 13:30-da) yerinə yetiriləcək.

Şərqi Azərbaycan vilayətinin hava nəqliyyatı üzrə yüksək səviyyəli rəsmisi habelə deyib: "Qonşu şəhərlərlə və ölkələrlə uçuşların yaradılması 2021-ci ildə Şərqi Azərbaycan vilayətinin Hava Limanları Baş İdarəsinin əsas planlarından sayılır ki, İrəvandan sonra Ermənistanın başqa şəhərləri ilə də uçuşların açılması gündəmdədir".

Qeyd edək ki, işğalçı Ermənistanla dostluğunu heç vaxt gizlətməyən İran hökuməti bu gün də İrəvanla hərtərəfli münasibətlərini genişləndirməkdədir. Digər tərəfdən, son vaxtlar Azərbaycana da tez-tez səfərlər edən İranın yüksək səviyyəli rəsmiləri ikili oyun oynayır, guya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini elan edir, ərazilərinin işğaldan azad edilməsindən mumnun olduğunu bildirirlər.

Milli.Az