ADNA qətliamından 1 il ötdü

30 Aprel 2010 10:09
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 1 il ötür. Bir il əvvəl - 2009-cu il aprel ayının 30-u səhər saat 09:30 radələrində bütün Azərbaycanı dəhşətə gətirən hadisə baş verdi. Silahlı şəxs təhsil ocağının inzibati binasının ikinci korpusuna daxil olaraq, birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına keçən hər kəsİ odlu silahla güllələdi. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar qarşısına çıxanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilir. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirir. Rəsmi məlumatlara görə, ötən il aprelin 30-da ADNA-da 12 nəfər qətlə yetirilib, 13 nəfər isə yaralanıb, cinayətkar isə özünü öldürüb.

Bu hadisədən sonra hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, "Makarov" tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.

Daha sonra respublika prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində məlum oldu ki, Dövlət Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Sergey Qriqoryan adlı erməni ilə mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün ona küllü miqdarda pul və silah verilib.

Onu da qeyd edək ki, ali təhsil ocağında  törədilmiş terror hadisəsi ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb. Cinayət işi üzrə 4 nəfər təqsirləndirilir. Təqsirləndirilənlər terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sürsatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma maddələri ilə ittiham olunurlar. Törədilmiş terror aktını sifariş vermiş erməni barəsində beynəlxalq axtarış elan olunub. Cinayətin sifarişçisi, erməni Martin Qumaşyan barəsində cinayət işi ayrı icraatda aparılır və həmin şəxs İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

Milli.Az