"London taksisi": marşrutu sürücü seçir, yoxsa müştəri?
7 Fevral 2012 12:51
Milli.Az-ın məlumatına görə, Bakı sakinlərindən biri Day.Az saytına yazdığı məktubda taksi sifariş etmək üçün 9000 nömrəsinə zəng vursa da, arzuolunmaz vəziyyətlə üzləşdiyini bildirir: "Evimiz Zorge bağı ilə qarşı-qarşıya olan ərazidə yerləşir. Həyat yoldaşımı Rəşid Behbudov küçəsində yerləşən iş yerinə aparmaq lazım idi. Lakin dispetçer bildirdi ki, belə yaxın məsafə üçün taksi sifariş etmək olmaz. Bu halda onların kimə tabe olduqlarını soruşdum, dispetçer isə özəl şirkət olduqlarını və heç kimə tabe olmadıqlarını söylədi..."
Eyni problemlə daha bir Bakı sakini qarşılaşıb. O da taksi sürücüsündən "yaxın məsafəyə getmirik" cavabını alıb.
"Baku-Taxi" MMC-nin nümayəndəsi Məcnun Səfərov məsələyə belə münasibət bildirib:
"Dispetçerin səlahiyyətinə yalnız telefon vasitəsilə sifarişlərin qəbulu daxildir. Xidmətimiz həm uzaq, həm də yaxın məsafəyə sifarişləri qəbul edir. Qeyd etdiyiniz faktlar mənə məlum deyil. Qoy həmin şəxslər bizə müraciət edərək dəqiq məlumat versinlər. Belə fakt həqiqətən olubsa, onunla məşğul olmağa hazırıq. Operatorlarımızdan hansınınsa müştərilərə belə cavab verə biləcəyini düşünmürəm".
M.Səfərov qarlı günlərdə yollara məhdud sayda taksinin buraxıldığını da söyləyib.
Milli.Az