"Xarı bülbül" kolleksiyası Moskvada milli geyim müsabiqəsində mükafat qazandı
30 Aprel 2010 09:40
Hər il keçirilən milli geyim bayramı Türkdilli Xalqların Mədəniyyətinin Saxlanması qadın təşkilatının təşəbbüsü və Moskva hökuməti və Moskva Millətlər Evinin dəstəyi ilə keçirilir.
K.Kərimov adına Azərbaycan etnomədəni təmayüllü 157 nömrəli məktəbin direktoru Aida Quliyevanın rəhbərliyi ilə məktəbin şagirdləri son 8 ildə bütün müsabiqələrdə iştirak edirlər. Məktəbin kollektivi "Qafqaz xalqlarının ən yaxşı kostyumu" və "Müasir kostyumda etnik motivlər" nominasiyalarına milli geyimlərimizi təqdim edib. 2007-ci ildə ÜAK-ın dəstəyi ilə məktəbin kollektivi Vəfa Piriyevanın "İpək yolu" kolleksiyasını nümayiş etdirib.
Son 3 ildir ki, müsabiqə üçün geyimləri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi təqdim edir. 2008-ci ildə XIX əsr rəssamı, knyaz Qaqarinin eskizləri, ötən il isə gül motivləri nümayiş etdirilmişdir. Builki rəqs kostyumlarından ibarət "Xarı bülbül" kolleksiyası "Qafqaz xalqlarının ən yaxşı kostyumu" nominasiyasında mükafata layiq 3-cü yeri tutub.
Müsabiqənin təşkilatçıları və Azərbaycan məktəbinin kollektivi xalqımızın mədəni ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə və qurumun rəhbəri Leyla xanım Əliyevaya təşəkkürünü bildiriblər.
/AzərTAc/