Gəncədə yaşayış binasında yanğın olub, 3 nəfər xəsarət alıb - FOTO

12 İyun 2021 08:08

Gəncədə yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Bina sakinləri təxliyə edilib.

Gəncə də 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verən y​​​​​​anğın qonşu mənzilə də keçib.

Hazırda FHN əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Milli.Az