Makron "demokratik dəyərlərini" İFŞA ETDİ - ŞƏRH

12 İyun 2021 00:15

"Sadə insanlarla görüş zamanı Fransa prezidenti Emmanuel Makronun bir vətəndaş tərəfindən sillələnməsi dünya siyasətində şok effekti yaradan bir hadisəyə çevrildi".

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, yəqin ki, dünya ictimaiyyəti sillənin sahibinin 120 gün həbsə məhkum edilməsinə də laqeyd qalmayacaq:

"Fransa kimi bir ölkənin prezidentinin hətta öz cəmiyyəti tərəfindən belə radikal formada qarşılanması dünyanın marağını çəkmiş oldu. Ancaq buarada maraqlı nüans ondan ibarətdir ki, Fransa kimi özünü dözümlü, tolerant və demokratiyanın kimi təqdim edən və bununla qürur duyan bir ölkədə bu cür vətəndaş davranışına görə cəzanın verilməsi və həm də adekvat olmayan cəzanın verilməsi çox düşündürücüdür. Son məlumatlara görə, Makrona sillə vurmuş sadə fransız vətəndaşı 120 günlük həbs cəzasına məhkum edilib. Hansı ki, belə xırda xuliqanlıq hərəkətlərinə görə həbsə məhkum etmək yox, digər yüngül cəzaları tətbiq olardı. Amma görünür ki, demokratik və tolerant təqdim olunan Fransa cəmiyyətində və onun rəhbərliyində əslində qeyri-adi bir dözümsüzlük mövcuddur. Yada salaq ki, bu məsələdə Amerika demokratiyası Fransa demokratiyasından xeyli dərəcədə üstün şəkildə özünü göstərir və təsdiqləyir. Məsələn, illər öncə Bağdadda mətbuat konfransı zamanı Corc Buşa ayaqqabısını tullayan bir jurnalistə qarşı hər hansı bir cəza xarakterli tədbir görülmədiyi halda, Fransada Makrona sillə atmış olan fransız vətəndaşına belə bir cəza verilib. Bu o deməkdir ki, Fransada insan haqqları, demokratiya, insanın inzibati orqanlardan müdafiə olunmasında etibarlılıq anlayışından söhbət gedə bilməz. Hətta Makron hakimiyyətinin o vətəndaşa qarşı bu cür ifrat davranışı deməyə əsas verir ki, konkret şəraitdə adamı ölüm cəzasına məhkum etmək mümkün olsaydı belə, mən şübhə etmirəm ki, Fransada həmin adama qarşı bu qərarı da çıxarda bilərdilər. Ona görə, bu hadisə bir daha sübut edir ki, Fransa kmi özünü demokratiyanın beşiyi olaraq təqdim edən ölkələrdə dözümlülük, insanların mövqeyinə hörmətlə yanaşılması və insanların zorakılıqdan etibarlı müdafiəsi ilə bağlı deyilənlər sadəcə olaraq deklorasiyadan başqa bir deyillər".

A.Quliyev deyib ki, əslində Makron həmin vətəndaşı həbs etdirməklə bu vətəndaşdan aldığı sillədən də qat-qat ağır olan bir zərbə aldı:

"Yəqin ki, dünya ictimaiyyəti bu qərara laqeyd qalmayacaq. Makrona vurulan sillələrə necə ki, laqeyd qalmadı, Makronun həmin vətəndaşı cəzalandırmasına da laqeyd qalmayacaqlar. Əgər Makronda sadəcə vəzifə və böyük səlahiyyətlər sahibi olan bir şəxs potensialı yox, böyüklük, müdriklik potensialı olmuş olsaydı, o, vətəndaşı cəzalandırmalı deyildi. Çünkü vətəndaş görünür ki, Fransa cəmiyyətində prezidentin, dövlət rəhbərlərinin apardığı siyasətə öz münasibətini bildirməyin başqa bir yolunu tapa bilməyib. Görünür ki, bu münasibəti Fransa cəmiyyəti seçki zamanı ifadə edə bilmir, başqa zamanlarda dinc formalarda toplaşmaq, öz mövqeyini dinc formada bildirmək və s. kimi üsullarla ifadə edə bilmədiyi üçün məcbur qalaraq belə mini radikal davranışa əl atıb. Deməli, Makron həmin insanı cəzalandırmalı yox, Fransa cəmiyyətində insanları dövlətin başçısına qarşı bu cür davranmağa məcbur edən motivlərin kökünü araşdırmalı olsaydı, daha doğru yolda olardı. Dünya ictimaiyyəti yəqin ki, silləyə laqeyd qalmadığı kimi, sillənin sahibinin 120 gün həbsə məhkum edilməsinə də laqeyd qalmayacaq. Əslində Makron həmin vətəndaşı həbs etdirməklə bu vətəndaşdan aldığı sillədən də qat-qat ağır olan bir zərbə aldı. Çünkü artıq onun demokratik imici tam şəkildə zədələndi. Əgər Fransa vətəndaşı ona sillə atmaqla fransız cəmiyyətinin Makrona olan münasibətini ortaya qoydusa, Makron həmin şəxsi həbs etdirməklə özünün Fransadakı ali-demokratik dəyərlərə olan münasibətini ortaya qoydu. Daha dəqiq desək, özü-özünü ifşa etdi".

Təhməz Əsədov
Milli.Az