“CoronaVac” vurduranlar Avropaya necə gedəcək?

11 İyun 2021 14:55

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair qanun layihəsini təqdim edib. Sənəddə üç məlumat öz əksini tapacaq: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstəlikdən sağalma və immunitetin mövcudluğu. Ötən gün isə Avropa Parlamenti Avropa İttifaqı və Şengen ölkələri arasında səyahət etməyi asanlaşdırmaq üçün hazırlanmış COVID sertifikatlarının tətbiq edilməsini təsdiqləyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən - "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson"dan söhbət gedir.

Rusiyanın "Sputnik V" və Çin istehsalı olan "CoronaVac" peyvəndləri isə hələ ki, həmin siyahıda yoxdur. Bildirilir ki, üçüncü ölkələr tərəfindən verilmiş sertifikatların Avropa sertifikatları meyarlarına cavab verdikləri təqdirdə tanınması da təmin ediləcək.

Azərbaycanda da əhaliyə əsasən sonuncu vaksinlərin tətbiq edildiyini nəzərə alsaq, bu məsələ bir qədər narahatlıq yaradıb. Artıq bununla bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr gedir. Feysbukda tanınmış səyahət qruplarında "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi tətbiq olunanların Avropaya buraxılmayacağı ilə bağlı fikirlər yer alır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələyə aydınlıq gətirib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən iki vaksini vurduran şəxslər Avropaya COVID-19 testinin arayışı ilə gedə biləcəklər:

"Hazırda bu 4 vaksin - "BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" həm Avropa Dərman Agentliyi, həm də Ümumdünya Səhiyyə Təşkilatı reyestrinə daxil edilib. Digər vaksinlərlə bağlı isə araşdırmalar davam edir. Söhbət ondan gedir ki, kimə "CoronaVac" və ya "Sputnik V" vurulubsa, onların Avropaya gedişi sadəcə COVID-19 testi verməklə həyata keçiriləcək. Başqa bir dikriminasiyadan söhbət gedə bilməz".

Milli.Az