Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verib

11 İyun 2021 13:13

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Zati-müqəddəsləri,

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan-Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".

Milli.Az