Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam edəcək

15 İyun 2021 23:50

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək. Lakin artıq indidən Apple cihazlarında əməliyyat sisteminin yenilənməsi siyasətində olmuş dəyişiklik barəsində məlumat verilib. Belə ki, rəsmi məlumata əsasən Apple öz istifadəçilərinin yeni əməliyyat sisteminə keçid prosesini məcburi etməyəcək və hal hazırda mövcud olan iOS versiyasını dəstəkləməyə davam edəcək. Bu, Apple şirkəti tarixində ilk praktikadır. Məlum olub ki, iOS 15-in istifadəyə verilməsindən sonra da şirkət əvvəlki iOS versiyalar üçün təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edəcək. Bununla belə, təqdim olunacaq yenilənmələr məcbur şəkildə quraşdırılmayacaq.

Bu isə öz növbəsində yenilənmələrin keyfiyyətlərindən şübhələnən iPhone istifadəçilərinə həmin yenilənmələr barəsində rəylərin ortaya çıxmasını gözləmək imkanını verəcək. Mütəxəssislərin fikirlərinə əsasən Apple şirkəti bu cür addımı ona görə atıb ki, o öz istifadəçilərinə seçim haqqını təqdim etmək istəyir. Bundan əlavə olaraq şirkət yeni əməliyyat sisteminə daha axıcı keçidi təmin etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hər bir yeni iOS versiyasının istifadəyə verilməsi ilə istifadəçilər çoxlu sayda sistem boşluğu və bug ilə qarşılaşırlar. Şirkətin yeni siyasəti isə yenilənmələr arasında keçidi daha axıcı etməyə hədəflənib. Beləliklə əgər istifadəçi yeni iOS versiyasının keyfiyyətindən şübhələnirsə, o, həmin versiyaya keçidi etməmək seçiminə sahib olacaq.

Milli.Az