Rəis müavini qardaşları polis şöbəsində döydürüb? - Rəsmi açıqlama

11 İyun 2021 12:11

Cəlilabad rayon sakinləri olan qardaşlar polis şöbəsində rəis müavini Rövşən Quliyev və əməkdaşları tərəfindən döyüldüklərini iddia edirlər.

Milli.Az bildirir ki, "Qafqazinfo"ya müraciət edən Rauf Əmənov deyib ki, iyunun 8-i gecə saat 12 radələrində əməliyyatçı Səbuhi adlı şəxs qardaşları Ramil Əmənov və Toğrul Rizvanlını şöbəyə çağırıblar: "Rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib. Daha sonra onların hər ikisinin qollarını qandallayaraq ayrı-ayrı otaqlarda döyüblər".

Ramil Əmənov bildirib ki, otaqda Rövşən Quliyevin cəlilabadlıları təhqir etməsinə etiraz edib: "Buna görə rəis müavini Rövşən və əməkdaşları səhərə kimi gəlib-gedib bizi döydülər. Səhər isə polis rəisi dedi ki, sizə qarşı yanlışlıq olub, bu işi barışıqla həll edək. Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı".

Rauf Əmənov da qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü olan digər qardaşı Tural Əmənovla birgə gecə saatlarından səhərə kimi şöbənin önündə gözləsələr də, onları içəri buraxmayıblar: "Səhər saat 10-da vəkil Tural Əmənovu şöbədə rəis Mübariz Quliyev qəbul etdi. Qardaşlarımı 12 saat polis bölməsində saxladıqları zaman onlar təhqir olunub, heç bir məhkəmə qərarı və ya ifadələri alınmadan əlləri qandallanıb, ciddi şəkildə bədən xəsarətləri yetirilib".

Toğrul Rizvanlı da hadisə ilə bağlı bildirib ki, şöbədə qoluna qandal vuraraq onu döyüblər: "Qulağıma təpik vurdular, başım yerə dəydi".

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. DİN-in Lənkəran regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, həmin şəxslərin iddiaları həqiqəti əks etdirmir: "Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edib. O bildirib ki, Cəlilabad rayon sakini olan Toğrul Rizvanlı onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlədib, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlı bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirib.

Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib. Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır".

Milli.Az