“Bir gecəlik mənimlə qalmaq istədiyini bildirdi” - Yaşlı kişidən gənc oğlana qarşı dəhşətli əməl

11 İyun 2021 11:34

Bakının Nəsimi rayonunda 1955-ci il təvəllüdlü Fərid Məmmədov (ad-soyadlar şərti verilib - red.) evində kirayə qalan Faiq Vəliyevə xəsarət yetirib.

Milli.Az demokrat.az-a istinadən bildirir ki, Fərid Məmmədov 2020-ci ildə onun evində kirayə qalan Faiq Vəliyev ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Fərid Məmmədov qəsdən Faiq Vəliyevin baş nahiyəsindən yumruqla zərbələr endirib, ona başın sol təpə-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Fərid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Fərid Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Fərid Məmmədov bildirib ki, təxminən 7-8 ildir rəsmi heç bir yerdə işləmədiyi üçün özünü dolandırmaq məqsədilə "Manqal Dönər" restoranının qarşında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi kimi fəaliyyət göstərir: "İşlədiyim yerin yaxınlığında avtomobil nəzarətçisi işləyən Faiq ilə uzun müddətdir tanış olmuşam. Onunla dostluq münasibətlərim mövcud olub. Hadisə günü axşam saatlarında kirayə yaşadığım ünvana getmək üçün üzərimdə pul vəsaiti olmadığı üçün əvvəlcədən tanıdığım Faiq bir günlük onun yaşadığı ünvanda qalmaq istədiyimi bildirdim. Onun kirayə yaşadığı ünvanda qalmağıma icazə verdi".

Fərid Məmmədovun ifadəsinə görə, ertəsi gün saat təxminən 16.45-də Faiqin yüksək səslə televizora qulaq asıb: "Faiqin mənə hörmətsizlik edərək alt paltarı ilə gəzdiyini gördüm. Bununla bağlı ona irad bildirdim. Faiqin iradımdan nəticə çıxarmadığını gördüm. Bu səbəbdən onunla mübahisə etməyə başladım. Həmin mübahisə zamanı əsəbləşərək Faiqin baş nahiyəsindən yumruq zərbələri ilə vurdum. Ona xəsarət yetirdim və mənzili tərk edərək getdim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Faiq Vəliyevin bildirdiyinə görə, "Bazar Store" supermarketin qarşısında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi işləyib: "İşlədiyim yerin yaxınlığında "Manqal Dönər" adlı restoranının qarşısında əvvəlcədən tanıdığım Fərid avtomobil nəzarətçisi işləyib. Onunla dostluq münasibətlərimiz mövcud olub. Hadisə günü axşam saatlarında Fərid Pirallahı rayonunda yaşadığı üçün yolunun uzaq olduğunu və bir gecəlik mənim kirayə yaşadığım mənzildə qalmaq istədiyini bildirdi. Həmin zaman Fəridin yaşlı və kasıb olmasını nəzərə alaraq, onu kirayə yaşadığım mənzilə dəvət etdim, evdə qalmağına icazə verdim".

Faiq Vəliyev qeyd edib ki, ertəsi gün saat təxminən 16.45-də  kirayə yaşadığı ünvanda olan zaman televizora yüksək səs verib: "Fərid televizorun səsini azaltmağımı və evdə alt paltarında gəzməyim barədə irad bildirdi, mənimlə kobud danışmağa başladı. Həmin zaman Fəridə "yaxşı eləyirəm, öz evimdə özüm bilərəm necə gəzirəm" sözlərini deyən zaman aramızda mübahisə baş verdi. Həmin mübahisə zamanı Fərid üzərimə gələrək baş nahiyəmdən yumruq zərbələri ilə vuraraq, mənə xəsarət yetirdi".

Faiq Vəliyev bildirib ki, baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib: "Hadisə zamanı bizim yanımızda başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmayıb. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etdi. Sonradan polis əməkdaşları mənim və təqsirləndirilən şəxsin izahatını aldı."

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, onunla barışıb. O, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Fərid Məmmədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Milli.Az