Xətai rayonu üzrə 11,4 km uzunluğa malik küçədə təmir işləri aparılır - FOTO

11 İyun 2021 14:20

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Xətai rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 11.4 km təşkil edən küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Kazımağa Kərimov və Xudu Məmmədov küçələri əsaslı şəkildə təmir edilir.

AAYDA-dan Milli.Az-a verilən məlumata görə, təmir-tikinti işləri Xətai rayonu üzrə əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmir-tikinti işlərinin aparıldığı növbəti ərazilər Kazımağa Kərimov və Xudu Məmmədov küçələridir.

Uzunluğu 2,1 km, eni ortalama 8-10 metr təşkil edən Kazımağa Kərimov küçəsi uzun müddət istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur.

Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Ümumilikdə, tikintinin aparılacağı ümumi sahə 24 min kv. metrdən çoxdur. Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 17 min kv. metrlik hissəsində yekunlaşmaq üzrədir.

Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılıb. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 km, eni isə ortalama 20 metrə qədər təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.

Milli.Az