Süngündə faciə yaşanır: zəhərli sular çaya axıdılır - VİDEO

11 İyun 2021 10:01

Son günlər Güney Azərbaycanın Vərziğan bölgəsində fəaliyyət göstərən Süngün mis mədəninin yaratdığı ekoloj problemlərlə bağlı nigaranlıq artıb.

Milli.Az bildirir ki, mis mədənindən zəhərli çirkab suyu İlqına çayına buraxılır. Nəticədə çayın rəngi dəyişib.

Zəhərli tullantılar ətraf mühitə, əkinçilik sahələrinə, meşələrə ciddi ziyan vurmaqla yanaşı, İlqınaçayda yaşayan canlıların kökünün kəsilməsinə səbəb olub.

Süngün mis mədəni fəaliyyətə başlamazdan öncə bu çayda çoxlu balıq növləri və başqa su canlıları yaşayırdı. Mədən fəaliyyətə başladıqdan sonra onların hamısı yoxa çıxıb.

Bundan öncə də Süngün mis mədəninin zəhərli tullantılarının çaya və ətraf mühitə axıdılması ilə bağlı həyəcanlı xəbərlər yayılıb.

Bu ilin martında və ötən ilin iyul ayında da İlqınaçayın rəngi bir neçə həftəliyinə dəyişmişdi. Götürülən nümunələrin incələnməsi nəticəsində məlum olmuşdu ki, çayda zəhərli tullantıların miqdarı həddindən çoxdur.

Yaxın Şərqin ən böyük mis yatağı olan "Süngün"də əldə olunan məhsul xammal kimi İranın digər bölgələrinə, o cümlədən Kirman əyalətinə daşınır.

Bu minvalla mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

Bundan öncə Vərziğanın İran parlamentindəki sabiq deputatı Rza Əlizadə də bu məsələyə toxunub.

"Süngün mis mədənindən ildə 300 min ton mis konsentratı çıxarılır. Əldə edilən fantastik məbləğin isə bir faizi də bölgəyə ayrılmır", - R.Əlizadə deyib.

Milli.Az