Əli Kərimli, yalandan bezmədin?

11 İyun 2021 09:39

Şəxsi maraqları milli maraqlardan üstün tutan, fəaliyyəti yalnız və yalnız qaragüruhçu ideyaları real siyasət saymaq, sosial şəbəkələrdə yaşamağı siyasi fəaliyyət sayan, trol dəstəsinin dəstəyini sosial baza hesab edən - bu status sanki AXCP sədri Əli Kərimlinin alnına yazılıb. Bir zamanlar liderinə xəyanət edən şəxs bu gün bu xəyanəti milli məcraya yönəldib. Sosial şəbəkədə yazdığı son cızmaqara ilə bir daha bunu sübut etmiş olub. "Erməni dəyirmanına su tökmək" ifadəsini səsləndirəndə adətən deyirdilər ki, bu ifadə "dejurnu" ifadədir, əlavə arqument ortaya qoya bilmirlər. Amma illər göstərir ki, bu illər nəinki onları dəyişib, əksinə yenə də əvvəlki ampluadadırlar.

Üstəlik, ermənilərin o dəyirmanı çoxdan dağılsa da, Əli Kərimli əlindəki dəlik demaqoji kuzə ilə vurnuxur, sahiblərindən alınmış göstərişi yerinə yetirmək üçün illətə qapılır və sövq-təbii siyasətin paslı poçt qutusunun yanında çöməlmiş Novruzəlinin tam antoniminə - nimdaşlaşmış Qapona bənzəyir.

Bu dəfə Əli Kərimli lap gül vurub və özünü növbəti dəfə rəzil duruma salıb. Öz aləmində guya sensasion status paylaşıb. "Paşinyanın Azərbaycanı şoka salacaq səs yazısı" adlı cızma qarasında Azərbaycan hakimiyyətini xəyanətdə ittiham etməyə cəhd göstərib. Siyasətdən baş çıxarmayan, naşı birisi belə burada hər hansı bir xəyanətdən söhbət belə getmədini açıq şəkildə görəcək.

Beləliklə, hər iki mətni müqayisə edəndə aydın görünür ki, Əli Kərimli gözünün içinə kimi yalan danışır. Səs yazısının mətni göstərir ki, Paşinyan ona deyilən "Lavrov planı"nı yalan və tələ hesab edir. Putin, Nazarbayev və Lukaşenkonun onu aldatmaq istədiklərini başa düşür. Əli Kərimli isə öz siyasi maraqları naminə Paşinyanın yalan və tələ hesab etdiyi şeyi Azərbaycan xalqına həqiqət kimi sırıyır. Bu məqsədlə mətnin orijinalını məqsədli şəkildə təhrif edir. Mətnin əsas hissəsini isə ümumiyyətlə, silib atır. Əli Kərimli utanıb çəkinmədən saxtakarlıq edir. Azərbaycan xalqının gözünün içinə baxa-baxa yalan danışır.

Sosial şəbəkələrdə hətta ən radikal müxalifətçilər belə Əli Kərimlinin fikirlərinin cəfəngiyyat olduğunu qeyd ediblər. Belə statuslardan birini hazırda xaricdə yaşayan siyasi fəal Elbəyi Həsənlinin yazdığı maraqlıdır. "Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Ağıllı siyasətçilər öz rəqiblərinin ən zəif yerini nişan alırlar. Bizim "ağıllı" radikal müxalifətimiz də absurd ittihamları siyasi fəaliyyət hesab edərək tam destruktivizmlə məşğul olur.

Elə bu ağılda olduğunuza görə də 30 ildir ki, yerinizdə sayırsız. Bu gedişlə siyasi həyatınızın sonuna kimi də durduğunuz yerdə təpik döyəcəksiz...

Ən əsası Əli Kərimli iddia edir ki, Qarabağda Azərbaycan Ordusunun qələbəsi boş şeydir".

Təəccüblü nə var ki?! Sofistikanın təməl qanunlarından biri mənalarla mahiyyətlərin onomastikasını qarışdırmaq, marazma çatsa belə, iddiaları sıralamaq və bununla da "bəlkə qaytardılar" xülyasının 21-ci əsrdəki eybəcər təzahürünü "müxalifətçilik" kimi qələmə verməkdir.

Kamran Seyidov
Milli.Az