Ermənistan 3 milyon avroya görə “konyak” adından imtina etdi

11 İyun 2021 09:24

Ermənistan hökuməti Avropa İttifaqı ilə "konyak"ın coğrafi adından istifadədən imtina proqramı çərçivəsində Yerevana 3 mln. avro verilməsi haqda müqaviləni təsdiqləyib.

Bu barədə "Qafqazinfo" xəbər verir.

Qeyd edilir ki, Avropa İttifaqı ilə həyata keçirilən proqram erməni konyakı üçün yeni adın hazırlanmasını, onun daxili və xarici bazarlarda reklamını və marketinqini nəzərdə tutur.

Məlumdur ki, saziş addan tədricən imtina etməyi nəzərdə tutur.

"Maliyyə sazişinin məqsədi "konyak"ın coğrafi göstəricisindən erməni məhsulları üçün istifadə olunmasının tədricən və effektiv dayandırılmasına yardım etmək, həmçinin Ermənistan sənayesinin ixrac bazarlarında rəqabət qabiliyyətini qoruyub saxlamağa kömək etməkdir", - hökumətin qərarında deyilir.

Nazirlər Kabinetində, həmçinin layihənin Aİ ilə hərtərəfli və geniş tərəfdaşlıq razılaşmasına uyğun olaraq həyata keçirildiyini bildiriblər.

Milli.Az