Antibiotiklərə reaksiya verməyən yoluxucu xəstəliklərin sayı artır

11 İyun 2021 22:30

Keçən il dünyada laboratoriya şəklində təsdiq edilmiş 3 milyondan çox mikroba davamlı infeksiya aşkar edilib. Bu rekord göstəricilər onu deməyə əsas verir ki, bu gün antibiotiklərə qarşı davamlılıq təcili olaraq həll edilməli olan qlobal problemə çevrilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) himayəsi altında Qlobal Antimikrob Preparatlara Qarşı Davamlılıq Nəzarət Sistemi işə salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mexanizm çərçivəsində bir çox dövlət antimikrob müqavimət göstərən xəstəlikləri qeyd etməyə, həmçinin antimikrob dərmanlardan istifadə praktikasını izləməyə başlayıb.

Antibiotiklər və digər antimikrob preparatlar həm insanlar, həm də heyvanlar arasında xəstəlik və ölüm hallarının azaldılmasında həlledici rol oynayır. Lakin, bakteriyaların, virusların, göbələklərin və parazitlərin tədricən mutasiyası nəticəsində bu dərmanlara davamlılığı əldə edən yeni mikroorqanizm ştammları meydana çıxır ki, bu da müalicəni çətinləşdirir və ağır xəstəlik və ölüm riskini artırır.

Son onilliklərdə bazara daxil olan yeni antibiotiklərin və digər antimikrob dərmanların demək olar ki, hamısı əvvəllər aşkar edilmiş preparatların müxtəlif növləridir. Onların bir çoxu bu gün işləmir. Nəticədə bakteriyalar, parazitlər, viruslar və göbələklərin yaratdığı yoluxucu xəstəliklərdən milyonlarla insan həyatını dəyişir.

ÜST hesab edir ki, məlumatların toplanması həm beynəlxalq, həm regional, həm də milli səviyyədə müdaxilə tələb edən bu problemin həlli yolunda vacib ilk addımdır.

"Mikrob əleyhinə preparatlara davamlı infeksiyaların sayı ciddi narahatlıq doğurur", - deyə ÜST-nin Baş direktorunun köməkçisi Xanan Balxi bildirib. O vurğulayıb ki, bu gün hamı problemin miqyasını başa düşür, bir çox ölkə artıq dərmanlara reaksiya verməyən bakteriyalar, viruslar və parazitləri aşkar edir və onlar haqqında məlumat verir.

"Beş il əvvəl ÜST-nin ilk epidemioloji nəzarət hesabatını dərc etdiyimiz zaman dünyada dərmanlara davamlı infeksiyaların aşkar edilə biləcəyi yalnız 700 laboratoriya var idi. İndi bunların sayı 74 mindir. Nə qədər çox məlumat əldə etsək, sağlamlıq üçün ciddi bir təhdid ilə daha yaxşı mübarizə aparacağıq", - deyə Xanan Balxi vurğulayıb.

ÜST hesab edir ki, dövlətlər tərəfindən təqdim edilən məlumatlar qlobal yeni nəsil antibiotik çatışmazlığı problemini həll etməyə kömək edəcək.

Milli.Az