Stadionda 124 min tamaşaçı olacaq - Azarkeş sayı ilə bağlı proqnoz AÇIQLANDI

10 İyun 2021 18:06

Bakıda keçriləcək Avro-2020 oyunlarına marağın böyük olduğu bilet satışından bəlli olur. Belə ki, AFFA-dan açıqlanan məlumata görə, indiyədək artıq 45 min bilet satılıb. Bəs, ümumilikdə paytaxtımızda keçiriləcək 4 oyunu nə qədər azarkeşin izləyəcəyi gözlənilir? 

Milli.Az xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Qarayev açıqlamasında bildirib ki, ümumilikdə Bakı Olimpiya Stadionunun tutumu 60 min nəfərdir:

"Pandemiya ilə əlaqədar olaraq, stadiona ümumi tutumunun yarısı qədər azarkeş buraxılacaq, bu da 30-31min civarında tamaşaçı edir. Amma əvvəlcədən nə qədər azarkeşin gəlməsi ilə bağlı dəqiq proqnoz vermək çətindir.

Təbii ki, Türkiyə millisinin oyunlarına maraq böyükdür və ümid edirik ki, həmin oyunlarda azarkeş sayı çox olacaq.

Ayın 16 və 20-də Türkiyə millisinin oyunları zamanı stadionda icazə verilən qədər anşlaq olacağını gözləyirik. ¼ oyununda hansı komandaların oynayacağı qrup mərhələsindən sonra bilinəcək, amma həmin oyuna da marağın böyük olacağını düşünürük".

Firuz Qarayev bildirib ki, oyunlar zamanı təhlükəsizlik məsələləri müvafiq dövlət qurumları tərəfindən təmin olunacaq.

Xatırladaq ki, biletlər 1,2, 3 saylı ASAN Xidmət və  "iTicket" şirkətinin Bakıda satış mərkəzlərində satılır, eləcə də  iTicket.az saytı vasitəsi ilə biletləri onlayn əldə etmək mümkündür.

Milli.Az