Suvarma kanalları lildən təmizlənir - VİDEO

10 İyun 2021 13:18

Cəlilabad rayonunda meliorativ sistemlərin istismarı işinin daha da yaxşılaşdırılması və suvarılacaq sahələrdən istifadənin səmərəliliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, rayonda 11310 hektar suvarılan torpaq sahəsi var. Həmin sahələrin suvarılması Cəlilabad suvarma sistemləri idarəsi tərəfindən həyata keçirilir. Əsas suvarma mənbələri Cənub Muğan kanalı, "Göytəpə", "İncəçay" və "Cəfərxanlı" su anbarlarıdır. Su anbarlarının tutumu ümumilikdə 13 milyon kubmetrdir. Rayonda suvarma çiləmə, damcı və şırım üsulu ilə aparılır. Hazırda qarğıdalı və üzüm sahələrində suvarma işləri gedir.

Təsərrüfat sahibləri sahələrin məhsuldarlığından və yaradılmış şəraitdən razılıqlarını ifadə edib. Cəlilabad rayonunda 352 km suvarma şəbəkəsi vardır. Bu kanalların 266 km-i torpaq kanallardır, 55 km isə beton üzlüklüdür.

Hazırda Cəlilabad suvarma sistemləri idarəsi tərəfindən Sabirabad, Uzuntəpə, Cənub Muğan kanallarının lildən təmizlənməsi işləri aparılır. Gələcəkdə baş verə biləcək sel və daşqın təhlükəsinin qarşısının alınmasından ötrü qabaqlayıcı tədbirlər çərçivəsində Mişarçay, İncəçay və digər çayların mühafizə zonasına dambalar vurulub.

Milli.Az