Ali Məhkəmə ittihamlara cavab verdi

9 İyun 2021 17:30

Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunvericiliyinin formalaşdırılmasında Ali Məhkəmənin rolu ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Ali Məhkəmə Aparatının rəhbəri Elvin Hətəmzadə Trend-ə açıqlamasında bildirib ki, Ali Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə və ya hüquqi aktların hazırlanması prosesində rəy və təkliflər bildirməklə birbaşa çıxış edir:

"Belə ki, Ali Məhkəmə bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə müvafiq layihələri hazırlayıb Milli Məclisə təqdim etmiş və bu layihələr qanunvericilik orqan tərəfindən qəbul edilib.

Həmçinin, qeyd etmək lazımdır ki, Ali Məhkəmə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası prosesində hüquqi aktların layihələrinin hazırlanması zamanı rəy və təkliflər bildirməklə fəal iştirak edib. Belə ki, son iki il ərzində dövlət orqanlarından Ali Məhkəməyə ünvanlanmış 300-dən çox hüquqi akt layihəsinə Ali Məhkəmə tərəfindən rəy və təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilib.
Bundan əlavə, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə qanunvericilikdə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərini təsbit edilir. Bu baxımdan, Ali Məhkəmənin qəbul etdiyi qərarlar qanunların vahid formada tətbiqində və qanunvericiliyin inkişafında mühüm rol oynayır".

Milli.Az