Xocavənd döyüşlərinin qəhrəmanı - VİDEO

9 İyun 2021 13:09

Qurbanov Vahid 2001-ci il yanvar ayının 27-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2007-2016-cı illərdə Əyyublu kənd, 2016-2018-ci illərdə 29 saylı Gəncə şəhər tam orta məktəbində təhsil alıb. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabr ayının 30-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Hələ orta məktəbdə oxuyan zaman "bayrağımız ən yüksəkdə dalğalanmalıdır" deyərək, məktəbin işıq dirəyinə üçrəngli bayrağı sancan Vahid Azərbaycan bayrağını Qarabağda ucaldanların sırasında özünə yer aldı. Qarabağ savaşında böyük şücaət göstərərək qəhrəmanlıq səhifəsi yazdı.

Tənha ana himayəsində böyüyən Vahid Azərbaycan torpaqlarının işğalda olmasına hamıdan çox üzülürdü. O, Birinci Qarabağ döyüşlərində sağlamlığını itirən babasının yarım qalmış arzularını başa çatdıracağına söz verdi.

Vahid doğulduğu Əyyublu kəndində torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltiflənib.

Milli.Az