ABŞ prezidenti nə vəd verib? - Milli.Az-a ÖZƏL AÇIQLAMA

9 İyun 2021 10:06

"ABŞ və Ukrayna prezidentlərinin qarşıdakı görüşünə ölkələrimizin strateji tərəfdaşlığı kontekstində baxmaq lazımdır. Bu görüşlər daha intensiv xarakter almalıdır".

Bunu Milli.Az-a açıqlamasında Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

Politoloq bildirib ki, Bayden Zelenskiyə Ukraynanın suverenliyini müdafiə edəcəyi sözünü verə bilər:

"Cozef Bayden və Vladimir Zelenskinin Donbasdakı vəziyyəti və "Krım Platforması"nın yaradılmasını, NordStream2"in taleyini və Ukraynadakı islahatları müzakirə edəcəyi açıqdır. Problemlər kompleksi kifayət qədər genişdir və bir görüşlə həll edilə bilməz. Ukrayna yalnız ABŞ-ın hərbi sahədəki köməyinə deyil, həm də Strateji Tərəfdaşlıq Komissiyasının bərpasına ümid bəsləyir.

Bəlkə də ən əsası, ABŞ və Rusiya prezidentlərinin zirvə görüşündən sonra, Bayden Zelenskiyə Ukraynanın suverenliyini müdafiə edəcəyi sözünü verə bilər. Rusiyanın Ukraynaya qarşı hərbi təhdidi aradan qaldırılmalıdır və buna qarşı durmaq, şübhəsiz ki, Vaşinqtonda əsas danışıqların mövzusu olacaqdır".

Xatırladaq ki, ABŞ prezidenti Cozef Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı baş tutub. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib. Müşavir bildirib: "Cozef Bayden Prezident Zelenskini Avropadan qayıtdıqdan sonra bu yay Vaşinqtonda Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini söyləyib".

Təhməz Əsədov
Milli.Az