Bu gün 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

9 İyun 2021 07:22

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanlarda 21423 şagirdin iştirakı nəzərdə tutulur.

Milli.Az