Xarici jurnalistlər Qarabağda təhlükə ilə üz-üzə qala bilər

9 İyun 2021 00:15

"Qonşu ölkənin torpağını işğal edən və siyasətini də işğal üzərinə quran bir dövlətin ordusunu Azərbaycan məhv etdi".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, minalanmış ərazilərin xəritəsinin verilməsi üçün dövlətlər, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiq etməlidir:

"Regionda yaranmış yeni reallıqdan çıxış edərək Azərbaycan qurucu bir dövlət kimi mənfur düşmən tərəfindən xarabalığa çevirilmiş torpaqlarını dirçəltmək istiqamətində bərpa-quruculuq işlərinə başlayıb və işləri sürətlə davam etdirir. Buna baxmayaraq, Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzə qalmışıq. Ermənistan öz mənfur əməllərindən, anti-humanist, kin və nifrət dolu siyasətindən əl çəkmir, terrorçu diversiya qrupları vasitəsilə ərazilərimizi yenidən minalayır. Ermənistan ərazilərimizdə basdırdığı mina xəritələrini verməkdən boyun qaçıraraq, hərbi cinayətlərini davam etdirir. Belə ki, rəsmi məlumatlara görə üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaya düşmələr nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sonuncu dəfə isə xidməti vəzifələrinin icra edərkən, yəni dünyanı informasiya ilə təmin etməyə çalışan jurnalistlərin minaya düşərək həlak olması faktı ilə üz-üzə qaldıq. 

Digər bu kimi faciəvi hadisələrin qarşısının alınması üçün Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməlidir. Bu məsələdə individual olaraq dövlətlər, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiq etməlidir. Eyni zamanda, dünyanın nüfuzlu media qurumları, aparıcı informasiya agentlikləri, xəbər qurumları bu hadisəni qətiyyətlə pisləməli və diqqət mərkəzində saxlamalıdırlar. Xüsusilə də jurnalist hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar bu məsələdə açıq və olduqca sərt mövqe nümayiş etdirməlidirlər. Çünki, təkcə yerli deyil, region barədə reportaj hazırlamaq istəyən beynəlxalq media nümayəndələri də əslində ciddi təhlükə ilə üz-üzə qala bilərlər. 
Ermənistan Kəlbəcərdən çıxmaq üçün əlavə vaxt istəyəndə Azərbaycan humanist mövqe sərgiləyərək bu vaxtı verdi. Ermənistan isə bu müddət ərzində ərazini qəsdən minalarla doldurdu.

Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı media nümayəndələrinin ölümü ilə bağlı yenə Qərbdən Ermənistana hər hansı bir təzyiq, qınaq görmədik. Azərbaycan tərəfi olaraq minalar və onların xəritələrinin təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etsək də tam və geniş vüsət almış dəstək almırıq, mina xəritələrinin qaytarılması ilə bağlı İrəvana gözün üstə qaşın var deyən olmadı. Bu dairələr isə özlərinə xeyir edəndə Azərbaycanın daxili işlərinə qarışırlar, Azərbaycanda söz azadlığının pozulduğu ilə bağlı ardıcıl bəyanatlar verə bilirər. Bu kimi hallar, Ermənistanın cəzasızlıq sindromu ermənilərə bu kimi əməllərdən çəkinməməyə rəvac verir. Elə bunun nəticəsidir ki, Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan çəkinmədən Laçın və Kəlbəcər rayonları ərazisinə 17 yük maşını mina basdırdıqlarını etiraf edib. Bu etirafa da dərhal sərt reaksiya verilməli və xəritələr tələb olunmalıdır. Lakin dişsiz, ünvansız, söz xətrinə bəyanatlar yox, ciddi təzyiq olmalıdır. 

Bir tərəfdə ermənilərə ərazidən çıxmağa vaxt tanıyan, bütün gücünü regionun abadlaşdırılmasına sərf edən qurucu Azərbaycan dövləti, digər tərəfdə isə cinayət, terror aktları törədən, humanitar vəziyyəti daha da gərginləşdirməyə çalışan yıxıcı, dağıdıcı və məhvedici siyasət yürüdən Ermənistan. Bu iki dövlətin atdığı fərqli addımlar əsas tutularaq bu məsələlərə açıq və ədalətli reaksiya verilməlidir". 

Təhməz Əsədov
Milli.Az