Şəkidə su itkisinin qarşısı alınır - VİDEO

9 İyun 2021 03:00

Şəkidə qazılan subartezian quyuları hesabına artıq əhalinin içməli, fermerlərin isə suvarma suyuna olan tələbatı tam şəkildə ödənilir.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, rayonda kənd təsərrüfatı məhsullarının əkilməsi hər il artmaqdadır. Quyular əsasən kəndə yaxın ərazilərdə, yaşayış məntəqələrində qazılır. Yeni sistemə əsasən quyudan çıxan suyun itkiyə getməməsi üçün borular vasitəsi ilə hər bir su istifadəçisinin ünvanına çatdırılır.

Qoxmuq kəndi ərazisində qazılan subartezian quyusu ətraf ərazilərdə yeni salınmaqda olan yaşayış məntəqəsini su ilə təmin edir. Əvvəllər bu ərazilərdə içməli su ilə bağlı xeyli çətinliklər olub.

Son illər Şəkidə taxıl və bostan bitkilərinin əkini ilə yanaşı meyvə bağlarının salınmasına da maraq artıb. Bu sıraya qoz, gilas, ərik, gavalı, şaftalı, alça və digər meyvələri əlavə etmək olar.

Şəki rayonunda köhnə quyuların da saz vəziyyətə gətirilərək yenidən istismara verilməsi üzrə işlər davam edir. Bundan başqa quyuların nasaz vəziyyətdə olan nasosları sökülərək emalatxanada təmir edilir.

Maldarlıqla məşğul olan Şəki sakinləri yenidən istifadəyə verilən bu quyu sayəsində artıq təsərrüfatlarını asanlıqla suvara bildiklərini söyləyirlər.

Qeyd edək ki, şimal-qərb bölgəsinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında ümumilikdə 759 subartezian və 288 artezian quyusu var. Onlardan 328 ədədi son 5 ildə qazılıb. Həmin quyular vasitəsi ilə 9286 hektar əkin sahəsi suvarılır. Qeyd olunan rayonların 200 min nəfərdən artıq əhalisi içməli və kommunal-məişət məqsədi ilə həmin quyulardan istifadə edir.

Milli.Az