Tələbələrin yekun dövlət attestasiyası ilə bağlı yeni qərar - VİDEO

8 İyun 2021 12:19

Tələbələrin yekun dövlət attestasiyası ilə bağlı yeni qərar verilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Nazirlər Kabinetinin qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində və ali təhsil pilləsinin bakalavriat səviyyəsində tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr əsasında aparılacaq.

Yəni orta ixtisas təhsili səviyyəsində istisnasız olaraq bütün ixtisaslarda yekun dövlət attestasiyası üzrə biliyin qiymətləndirilməsi tələbənin bütün təhsil müddətində aldığı ümumi orta müvəffəqiyyət göstəricisi əsasında müəyyənləşdiriləcək. Bakalavriat səviyyəsində isə bəzi ixtisaslarda yekun attestasiya məcburi olacaq.

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli deyib ki, əvvəlki illərdə dövlət imtahanından kəsilən tələbələr müvafiq qaydada dövlət imtahanından keçməlidirlər. Çünki qərar sadəcə bu il üçün nəzərdə tutulub və yalnız oktyabr ayına qədər qüvvədədir.

Şöbə müdiri qeyd edib ki, orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbələr üçün dövlət attestasiya sınaqları təşkil ediləcək.

Qeyd edək ki, magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az