Ceff Bezos iyulun 20-də qardaşı ilə birlikdə kosmosa uçacaq

7 İyun 2021 22:25

"Amazon" və aerokosmik "Blue Origin" kompaniyalarının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos qardaşı Mark ilə birgə kosmosa uçacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uçuş iyulun 20-də "Blue Origin" kompaniyası tərəfindən hazırlanan "New Shepard" kosmik gəmisi ilə baş tutacaq. "New Shepard" yer atmosferindən kənarda qısa suborbital turist uçuşları üçün nəzərdə tutulan birpilləli raketdir. Kosmik gəminin sərnişin bölməsində altı nəfərlik oturacaq və Yer səthini müşahidə etmək üçün dörd illüminator var. "Blue Origin" kompaniyası raketi dəfələrlə sınaqdan keçirib, lakin sınaqlarda insanlar iştirak etməyib.

"Beş yaşından bəri kosmosa səyahət etməyi arzulamışam. İyulun 20-də bu səyahəti qardaşımla birgə həyata keçirəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra", - deyə Ceff Bezos özünün İnstaqram səhifəsində yazıb.

İyulun 20-də raket onlarla kilometr yüksəyə qalxacaq. Bundan sonra kosmik turistləri daşıyan aparat raketdən ayrılacaq və kosmosun 100 kilometr yüksəklikdə yerləşən şərti sərhədini keçəcək. Sərnişinlər bir müddət çəkisizlik şəraitində qalacaq. Sonra kapsul paraşütün köməyi ilə enməyə başlayacaq. Eyni zamanda, aparatdan ayrılan pillə şaquli eniş həyata keçirəcək.

Kosmik səyahətə, həmçinin bir sərnişin yeri uğrunda iyunun 10-da başa çatacaq online hərracın qalibi də qatılacaq. Hazırda kosmosa bilet üçün ən yüksək təklif 2,8 milyon dollar təşkil edib. Qalib iyunun 12-də məlum olacaq.

Milli.Az