Azərbaycan koronavirusa qalib gələ bilər - ŞAD XƏBƏR

8 İyun 2021 00:36

"Pandemiya hər hansı bir xəstəliyin dünyanın bir çox qitələrinə geniş miqyasda yayılmasıdır. Yalnız Azərbaycanda xəstəliyin azalması, tək-tək xəstələnmə hallarının görünməsi nəticəsində biz heç də deyə bilmərik ki, dünyada pandemiya sona çatır".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

O bildirib ki, Azərbaycanda da "Pfizer" vaksinindən istifadə olunmağa başlanması təqdirəlayiq haldır:

"Pandemiyanın sona çatması üçün bütün dünya çox qısa bir müddət ərzində vaksinasiyaya cəlb olunmalıdır və digr qorunma tədbrilərinə riayət olunmalıdır ki, pandemiya sonlansın və  tək-tək xəstələnmə halları ilə davam etsin. Hazırda vaksinasiya prosesi dünyada çox ciddi şəkildə tətbiq olunur və müxtəlif vaksinlərdən istifadə olunur. ÜST tərəfindən qəbul olunmuş bu vaksinlərin effektivliyi yetəri qədərdir və kifayət edir ki, pandemiya sonlansın. Yəni, peyvəndləmə doğru, zamanında aparılarsa, pandemiyanın sonlanması, bütün dünya üzrə bu xəstəliyin bitməsi yaxın bir neçə ay ərzində mümkündür. Yox, əgər hər hansı bir ölkələrdə bu prosesə tam riayət olunmasa, yalnız Azərbaycanın buna əməl etməsi xəstəliyin tam olaraq yoxa çıxmamasına gətirib çıxara bilər.

İsrailə baxsaq, vaksinasiya zamanında və əhalinin vaksinasiya olunması lazım olan təbəqəsinin, sayının kifayət qədər yüksək olması nəticəsində xəstələnmə orada daha tez azalmağa başladı. Hazırda orada yeniyetmələrlə bağlı vaksinasiya planları tətbiq olunmağa başlayıb. Bunun nəticəsində o ölkəni nümunə göstərə bilərik ki, onlar artıq xəstəlik üzərində qələbə çalıblar deyə bilərik. Amma irəliləyən aylarda təbii ki, bir neçə ay öncəni heçkim planlaşdıra bilməz ki, nələr baş verəcək. Virus daim mutasiyaya uğrayır və bunu hazırkı vəziyyətdə nəzarətdə saxlamağın tək yolu vaksinasiyadır.  

"Pfizer" vaksininin hər nə qədər də daşınması, saxlanılması çətin olsa da təqdirəlayiq bir haldır ki, Azərbaycanda da bu peyvənd növü tətbiq olunmağa başladı. Ancaq Azərbaycanda tətbiq olunan digər vaksinlərin də effektivliyi ÜST tərəfindən bu xəstəliyə qalib gəlmək üçün yetərli hesab olunduğu, daha əlçatan olduqları üçün, daşınması daha rahat, saxlanılması daha uyğun olduğu üçün bizim ölkədə hələ ki, daha çox əhali digər vaksinlərdən peyvəndlənib. 

Ümid hər zaman var. Vaksinasiya prosesi bu şəkildə davam etsə, indiki uğurlu nəticəmiz davamlı olacaq, yoluxma sayı ən azı payıza kimi bundan da aşağı həddə enəcək.  Və payız aylarına kimi əhalinin müəyyən bir hissəsi vaksinasiya olunub bitsə, digər hissəsi də əgər xəstəliyi keçirib sağalıbsa, qışa kimi koronavirusun öncədən tam sona çatacağını deyə bilməsək də, ən azından bir də yüksək həddə çatmasını müşahidə etməyəcəyik, yaxud da ki, xəstələnənlərin sayı çox olsa da ağırlaşma hallarını çox müşahidə etməyəcəyik. Bundan öncəki - ikinci dalğada rəqəmlərin 4 minə qalxmasına baxmayaraq, xəstəliyin son dəfə pik səviyyəyə çatması zamanı yoluxma hallarının 2 mini keçməməsi və ölüm hallarının da daha az müşahidə olunması bizə bunu deməyə əsas verir. Təbii ki, bu da müəyyən qrup əhalinin vaksinasiya olunması ilə də əlaqədar ola bilər". 

Təhməz Əsədov
Milli.Az