Aprel döyüşlərinin qazisi, Vətən müharibəsinin şəhidi - VİDEO - FOTO

7 İyun 2021 21:59

İyirmi beş yaşlı Ağsu rayon sakini Dadaşzadə Hüseyn Zülfüqar oğlu 44 günlük Zəfər dolu müharibəmizdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hələ 2016-cı ilin Aprel döyüşlərində iştirak edərək yaralanan Hüseyn elini, Vətənini, torpağını hər şeydən çox sevirdi.

Şəhid atası Zülfüqar Talıbov bildirib ki, Hüseyn Vətən müharibəsinin başlandığını televiziyadan eşitmişdi. O, torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılmaq istəyirdi, elə bu istəklə də qısa bir vaxtda cəbhəyə yollandı: "Dedi ki, Aprel döyüşlərində iştirak etmişəm, bu müharibədə də mütləq olmalıyam. Noyabrın 4-dək beş-altı dəfə danışmışdıq. Deyirdi ki, "hər şey yaxşıdır, anama heç nə demə. Allah qoysa, torpaqlarımız tezliklə işğaldan azad olacaq. Sağ-salamat gələcəyəm". Ayın 4-də isə Daşaltı döyüşlərində şəhidlik zirvəsinə ucaldı".

Hüseyn cəbhəyə yola düşməyini qardaşına desə də, anasından xəbərsiz getmişdi. "Evdə bizə demədi ki, mən gedirəm. Dedi ki, "işləyirəm, gələndən sonra bacımın yanına gedərik". Dedim, "yaxşı, işlə, gələrsən, sonra gedərik". Ancaq sonradan eşitdim ki, müharibəyə gedib. Telefonla danışırdıq. Deyirdi ki, "narahat olma, sağ-salamat gələcəyəm. Dostlarımı gətirəcəyəm, hamınızı tanış edəcəyəm". Ancaq gəlmədi...", - deyə şəhid anası Gülşən Talıbova söyləyib.

Şəhidin qardaşı Rəşid Talıbov isə deyir ki, həmin ərəfədə o, xarici ölkədə olub. Buna baxmayaraq, Hüseyn onunla da danışaraq hallalıq istəyib.

Uşaqlıqdan müxtəlif idman növləri ilə məşğul olan Hüseyn müharibə dövründə müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə fəal iştirak edərək, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Noyabrın 4-də Daşaltı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi igidlik və qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az