Ermənilərə Qurban olanlar

7 İyun 2021 14:50

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 200 illik tarixi ərzində ən şanlı səhifəsini yazaraq işğalda olan ərazilərinin böyük bir hissəsini azad etməyi bacardı. Bu müharibə dövründə ortalıqda görünməyən, varlıqları-yoxluqlarından xəbər çıxmayan, gördüm deyən olmayan Qərbdə mühacir adı altında düşmən dəyirmanına, erməniçiliyə xidmət etməklə məşğul olan bir qrup sapı özümüzdən olan baltaların II Qarabağ müharibəsindən sonra yenidən peyda olmaq üçün səbəb axtarışında ciddi əziyyət çəkdikləri görünür. Sevinc Osmanqızı, Qurban Məmmədov, Tural Sadıxlı və s. kimi bu qəbildən olan vətənşüvənlərin ortaya qoyduqları "Tərtər hadisələri" arqumentinin məhz niyə 4 ildən sonra aktuallaşması sualı istənilən normal düşüncəli insanı düşündürən məsələyə çevrilə bilər. 2016-cı il 4 günlük Aprel döyüşləri zamanı Vətənə xəyanətdə ittiham olunan şəxslərin işindən dövlət və dövlətçiliyimiz əleyhinə təbliğat aparmaq üçün hər bir Azərbaycanlının ağrı-acılı yeri olan Tərtər hadisələri üzərində manipulyasiya etməklə, sui-istifadə etməklə məşğul olmaq ölkənin suverenliyinə, birliyinə təhdiddən başqa bir şey deyil. 

Qərəzdə, gerçəkdən uzaq suçlamalarda və subyektivlikdə hər zaman adlarından söz etdirən bu şəxslərin maliyyə mənbələrinin haradan gəldiyini artıq araşdırmağa da ciddi ehtiyac yoxdur, görünən dağa nə bələdçi. 

10 noyabr bəyanatından sonra müxtəlif vaxtlarda işğaldan azad olunan ərazilərdə terror aktları törətməyə cəhd edən ermənilərin Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilməsi görünür təkcə düşmənin təsir dairəsində olan təşkilatları, qurumları yox, elə onların maliyyələşdirdiyi bu kəsləri də ciddi narahat edir. Təzyiq vasitəsi kimi məhz Azərbaycanlının ağrı-acılı yeri olan, Tərtər hadisələri üzərində manipulyativ gedişlərlə Azərbaycanın əlində olan erməni terrorçularının geri qaytarılması məsələsini asanlaşdırmaq məqsədilə əllərindən gələni ardlarına qoymurlar. Tərtər işindən istifadə edərək həbsdə olan erməni diversantların azadlığa buraxılmasına çalırşanlar unudurlar ki, nə qədər özlərini humanist, insani dəyərlər sadiqi, beynəlxalq hüquq cəngavəri və az qala ermənilərin psixoloji durumlarının müdafiəçisi kimi göstərməyə çalışsalar da, bu xalq kimin kim olduğunu məhz 44 günlük Vətən müharibəsi zamanı daha yaxşı tanıdı. 

2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdikdən bu günə kimi Azərbaycanın güc strukturları təqsirkarların aşkar edilərək istintaqa cəlb edilməsi üçün çarpaz şəkildə fəaliyyəti siyasi fırıldaqçıların müstəbid idarəçiliyini deşifrə edən digər məqamlardan biridir. 

Qurban Məmmədov və digərlərinin prosesdəki "barmağı" onlar nöqteyi nəzərdən olduqca normal görünə bilər. Səbəb isə xaricdə yaşadıqlarına görə məsuliyyətdən kənarda qalmaları. Təəssüf ki, Azərbaycanın daxilində də elə reaksiyalar verilir ki, bu da "Dövlət sirri haqqında" qanuna ziddir, "Hərbi və dövlət sirrini ehtiva edən materiallar"a toxunur". Heç kimə sirr deyil ki, ermənilər və digər düşmənlər bundan Azərbaycan dövləti əlehinə fəal şəkildə istifadə edirlər.

"Tərtər hadisələri" mövzusundan bəhs edən zaman çox ehtiyatlı olmaq lazımdır. Bir daha qeyd edirəm ki, bu hadisələrin 4 il sonra belə aktuallıqla ortaya çıxarılması özü təəccüblüdür. Bunun illər sonra yenidən aktuallıq qazanmasında əsas məqsədlərdən biri isə heç şübhəsiz ki, Silahlı Qüvvələri gözdən salmaq və Vətən Müharibəsi zəfərini kölgə altına almaqdır.

Ümumilikdə 109 hərbi qulluqçu düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinib. Müxtəlif bədən xəsarəti alıblar. Lakin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə rəqəmlər həddindən artıq şişirdilərək 1767 deyilir. Bunun da nəyə və kimlərə xidmət etdiyi hər kəsə bəllidir.

2019-cu ilin yanvarında Tərtər Hərbi Məhkəməsi hökm çıxararaq bu hökmlə təkcə hərbçilər deyil, bir sıra mülki şəxslərin də məsuliyyətə cəlb olunduğunu təsdiq etdi. Artıq şübhə yoxdur ki, həqiqətən Azərbaycan Respublikasının bir qrup hərbçisi Ermənistana casusluq ediblər. Xüsusən, o vaxtlara təsadüf edirdi ki, 2016-cı ilin aprel döyüşlərində uğurlu əməliyyat keçirilmişdi. Ondan sonra bu məsələlər gündəmə gəlmişdi. Təxribat xarakterli hadisələr, hətta həm cəbhə zonasında, Bakıda və digər yerlərdə çox ciddi təxribatlar hazırlanırdı. Ermənistan xüsusi xidmət orqanları çox aktiv şəkildə bu insanlarla işləyib.  Azərbaycanın hərbi qüvvələrinin içərisində dövlətimizə xəyanət edən insanlar olduğunu heç kim inkar edə bilməz. Bu istintaqla və məhkəmə ilə sübuta yetirilib.

Xaricdə sığınacaq alan "müstəqil" blogerlər dərk etməldir ki, heç vaxt istintaq sirrini yaymaq olmaz. İstintaqın işinə müdaxilə etmək olmaz. Məhkəmə hökmü dövlətin adından çıxarılır. O müzakirə oluna bilməz. Bütün məhkəmə instansiyaların qərarlarından apellyasiya, kassasiya şikayətləri qaydasında bu məsələlərə baxıla bilər. Hansısa bir ideoloji və yaxud müxalifətçilik nöqteyi-nəzərindən baxışlar ortaya qoyulmamalıdır.

Təhməz Əsədov
Milli.Az