Azərbaycan Qran Prisi Formula 1-in ən baxımlı yarışı olub - "İzvestiya"

7 İyun 2021 10:52

Formula 1 Azərbaycan Qran-prisi son illər ərzində baxımlılığına görə ən yaxşı yarış olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti yazır.

Qeyd olunur ki, yarışda gərginlik sona beş dövrə qalmış lider Maks Ferstappenin bolidinin təkərinin deşilməsi ilə pik həddə çatıb. Nəticədə bu mərhələni M.Ferstappenin "Red Bull"da komanda yoldaşı Serxio Peres qazanıb.

Məqalədə qeyd olunur ki, yarışdan əvvəlki təsnifat mərhələsində də çoxsaylı qəzalar qeydə alınıb. Təsnifat yürüşü müxtəlif insidentlərlə bağlı dörd dəfə dayandırılıb.

Həmin mərhələdə Lens Strollun, Antonio Covinatsinin, Daneil Rikkardonun, Karlos Saynsın və Yuki Tsunodanın bolidləri qəzaya uğrayıb.

Yarış günündə isə M.Ferstappenin bolidi sıradan çıxdıqdan sonra yarış dayandırılıb və daha sonra təhlükəsizlik maşınının müşayiəti ilə bərpa olunub. Son dövrədə Lyuis Hemilton səhv edərək trasdan çıxıb və S.Peres dövrəni və yarışı lider olaraq başa vurub.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 4-6-da keçirilib.

Milli.Az