Hind okeanında plastik tullantılar adası tikiləcək

8 İyun 2021 21:45

Alimlər hər gün təxminən 13 milyon ton plastik tullantıların okeanlara axdığını təxmin edib. Plastik butulkalar, qida konteynerləri, qablar, paketlər və digər tullantılar suya birbaşa olaraq qurudan deyil, həm də gəmilərdən tökülür. Hind okeanı bu problemdən xüsusi olaraq zərər görür və bu yaxınlarda Britaniyanın "Margot Krasojevic" memarlıq studiyası suyun zibildən təmizlənməsi üçün olduqca qeyri-adi yol təklif edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təşkilat plastik tullantılardan istifadə edərək, insanların əylənə biləcəyi süni ada yaratmaq niyyətindədir. Bu adada təbiətə heç bir şəkildə zərər verməyəcək otel inşa etmək planlaşdırılır. Bütün enerji və hətta su ətraf mühitə uyğun şəkildə istehsal ediləcək. Hər şeydən əvvəl layihənin müəllifləri, bir-birinə bağlanan zibil torbalarından ibarət torpaq sahəsi tikəcək və sonra içərisində turistlərin istirahət etməsi üçün geniş otel tikmək niyyətindədir. Adanın açılması 2025-ci ildə planlaşdırılır. Studiyanın rəsmi saytının verdiyi məlumata əsasən, plastik tullantılar birbaşa Hind okeanının sularından toplanacaq. Ada yaxınlığında üzən butulkalar və digər əşyalar avtomatik olaraq torbalarda toplanacaq, sonra okeanın dibindən bioloji parçalana bilən xüsusi örtük, qum və lil ilə örtüləcək. Torbalar, bir-birilərinə sintetik kauçuk torlarla birləşdiriləcək. Bu material bir səbəbdən seçilmişdir - okean səviyyəsindəki dəyişikliklərə reaksiya göstərir. Səviyyə qalxdıqda, rezin suyu özünə çəkəcək və beləliklə daşqının qarşısını alacaq. Qeyd edək ki, Hind okeanında plastik tullantıların miqdarı durmadan artır və ada bu tullantıların yığılma mərkəzinə çevrilərək, getdikcə genişlənəcək.

Milli.Az