“Mozilla Firefox” brauzerinə tərcümə funksiyası quraşdırılıb

8 İyun 2021 22:10

"Mozilla Firefox" brauzerinə tərcümə funksiyası quraşdırılıb. Bu, o deməkdir ki, bundan sonra mətnlərin tərcüməsi üçün brauzer istifadəçiləri kənar vasitələrdən istifadə etməyəcəklər. Hazırda funksiya brauzerin yalnız sınaq versiyalarında mövcuddur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, söhbət bilavasitə brauzerə inteqrasiya edilən və son "Firefox Nightly" versiyalarında mövcud olan "Firefox Translations" adlı funksiyadan gedir. "Mozilla" tərcüməçisi "Google Translate" proqramının analoqu olsa da, vacib fərqlərə malikdir. Məsələ ondadır ki, yeni "Firefox" funksiyası məxfiliyi nəzərdə tutur, mətnlərin tərcüməsi lokal edilir, onların məzmunu isə "bulud" məkanına ötürülmür.

Bildirilir ki, "Firefox" test versiyalarında tərcümə funksiyası avtomatik aktivləşdirilməyib. Funksiyanın müstəqil aktivləşdirilməsi üçün eksperimental funksiyalar siyahısını açmaq, "extensions.translations.disabled" funksiyasını taparaq onu aktivləşdirmək və brauzeri yenidən başlatmaq lazımdır.

Test versiyalarında tərcümə funksiyası qənaətbəxş olsa da, onun brauzerin stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilmir.

Milli.Az