Pərviz Müşərrəf siyasətə qayıdır
29 Aprel 2010 20:29
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə məlumatı eks-prezidentin vəkili Muhəmməd Əli Saif açıqlayıb. Onun sözlərinə görə, Pərviz Müşərrəfin yaratmaqda olduğu Bütöv Pakistan İslam Birliyi partiyası mayın 10-nadək qeydiyyat üçün rəsmi müraciət edəcək.
BMT komissiyasının müxalifət lideri Bənazir Bhuttonun qətli ilə bağlı bu ayın əvvəlində açıqladığı hesabatda Pərviz Müşərrəfi haqsız yerə günahlandırdığını bildirən vəkili deyib ki, keçmiş prezident ən qısa zaman ərzində ölkəsinə dönəcək və ünvanına səslənən ittihamlara qarşı mübarizə aparacaq.
Pakistanda 1999-cu ildə hərbi çevriliş yolu ilə Nevaz Şərifin başçılıq etdiyi hökuməti devirən Pərviz Müşərrəf sonradan ölkə prezidenti olub. O, 2008-ci ildə iqtidar və müxalifət partiyalarının təzyiqləri qarşısında istefa vermək məcburiyyətində qalıb və İngiltərəyə köçüb.
2007-ci ildə sui-qəsd nəticəsində dünyasını dəyişən müxalifət lideri, sabiq baş nazir Bənazir Bhuttonun qətli ilə bağlı səhlənkarlıqda günahlandırılan Pərviz Müşərrəfin cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalları da mövcuddur.
Milli.Az