Toyota Prius Nightshade versiyasında təklif edilir - VİDEO - FOTO

25 İyul 2021 19:30

Toyota şirkətinin Amerika bölməsi üç il əvvəl Nightshade adlı "qara" seriyanı təsis edib. İlkin olaraq, "qaraldılmış" versiyaya Camry sedanı və Highlander krossoveri sahib olub. Artıq yerli model çeşidində "qara" tərtibat dəsti olan 10 model var, lakin bu günə qədər onların arasında hibridlər olmayıb.

İndi isə var. On birinci "qaraldılmış" model Toyota Prius Nightshade liftbeki olub. Yapon istehsalçısı modelin ev xanımları üçün avtomobil statusunu daşımasına baxmayaraq,  belə "cəsarətli" dəst ilə ortaya çıxmasına heç bir maneə olmadığını vurğulayır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, digər Nightshade versiyasından olan Toyota modelləri kimi, Prius hibridi də baza modelindən kuzovun tamamilə tündləşdirilmiş dekoru ilə fərqlənir - buraya embemlər, moldinqlər və fənər içlikləri də daxildirlər.

Təkər diskləri də qara rəngə boyanıb, lakin kuzovun rəngini seçmək mümkündür: qara, ağ və gümüş çalarlar təklif olunur. Salon da qara rəngdədir - burada parlaq dekoru və süni dəri ilə üzlənmiş oturacaqları görmək olar.

Prius Nightshade həm ön, həm də tam ötürmə ilə təklif olunur. Hər iki halda da ön təkərləri 96 at qüvvəli 1,8-litrlik atmosfer mühərrikindən, iki elektromotordan (dartma və generator) və elektromexaniki variatordan ibarət olan hibrid güc qurğusu hərəkətə gətirir.

Hibrid qurğunun maksimal gücü 122 at qüvvəsidir. AWD-e adlı tam ötürməli versiyada isə arxa oxda yalnız 7,2 at qüvvəsi və 55 Nm hasil edən əlavə elektrik mühərriki quraşdırılır.

Toyota Prius Nightshade versiyasının ABŞ bazarındakı satışlarına payızda başlanmalıdır.

Milli.Az