İstanbulun Taksim Məscidi ibadətə açılıb

28 May 2021 22:40

Taksim Məscidimiz artıq İstanbulun rəmzləri arasında seçilən yerini tutub. İlk cümə namazını qıldığımız Taksim Məscidimizin İstanbulumuza, ölkəmizə və İslam dünyasına xeyirli olmasını diləyirəm.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkədə ən böyük ibadət yerlərindən biri olan İstanbulun Taksim Məscidinin açılış mərasimində səsləndirib.

Məscidin İstanbulun fəthinin 568-ci il dönümünə hədiyyə olaraq qiymətləndirən Prezident Ərdoğan hazırda şəhərin məşhur Barbaros Bulvarı səmtində daha bir əsərin Barbaros Hayrəddin Paşa Məscidinin inşasının davam etdiyini bildirib.

Qeyd edək ki, təməli 2017-ci il fevralında qoyulan və Türkiyənin ən böyük ibadət mərkəzlərindən biri olan İstanbulun Taksim Məscidində eyni anda 2500 nəfər ibadət edə bilər. Bu məscidin memarları Şefik Birkiye və Səlim Dalamandır.

Ümumilikdə 16 min 500 kvadratmetrlik ərazidə inşa olunan, qapalı hissəsi təxminən 2482 kvadratmetr sahəni əhatə edən məscidin hündürlüyü 61 metrdir. Bu məscid-kompleksin daxilində konfrans və sərgi salonları da fəaliyyət göstərəcək.

Xatırladaq ki, 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan məscidin inşasının tamamlanması işləri COVID-19 pandemiyası səbəbindən gecikib.

Milli.Az