Azərbaycan komandası aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında finala çıxıb - FOTO

28 May 2021 16:50

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimlidən ibarət Azərbaycan komandası finala çıxıb. Komanda 18.200 xal yığaraq birinci nəticə göstərib.

Finala, həmçinin Rusiya (17.800 xal), Macarıstan (17.700 xal), Rumıniya (17.550 xal), İtaliya (17.300 xal), Portuqaliya (17.050 xal), Finlandiya (16.950 xal) və Ukrayna (16.950 xal) komandaları yüksəlib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

Milli.Az