Uşaqlarda ürək xəstəliklərinin müalicəsi mümkündürmü?

7 Fevral 2012 03:00
ÜST-ün dünya ölkələrində qeyri-keçici xəstəliklərin yayılmasına dair illik hesabatına görə, Azərbaycanda da ürək xəstəliklərindən dünyasını dəyişənlər var. Uşaqlarda isə ürək xəstəlikləri anadangəlmə və sonradan ola bilər ki, burada da önəmli olan erkən diaqnozdur. Statistikaya görə, dünyada doğulan uşaqların 4-5 faizi anadangəlmə ürək qüsuru ilə dünyaya gəlirlər. O cümlədən, Türkiyədə hər il 12 min anadangəlmə ürək xəstəsi olan körpə doğulur.

Anadangəlmə ürək xəstəliklərinin əlamətləri
 
Anadangəlmə ürək xəstəliklərinin bəziləri yüngüldür və ailənin ilk anda fərq edəcəyi bir əlamət göstərmir. Bu zaman ancaq pediatr müayinə sayəsində onda ürək xəstəliyinin olmasından şübhələnərsə, uşaq kardioloquna yönləndirilir.

Pediatr Yasəmən Cəlilovanın sözlərinə görə, adətən, anadangəlmə ürək xəstəlikləri bu xəstəliyin növünə və ağırlığına bağlı olaraq körpələrdə müxtəlif əlamətlərə yol açır. Bunlardan birincisi ürəkdəki dəliklər və qapaq pozğunluğu ilə ortaya çıxan əlamətlərdir. Bunlara yatan körpənin sürətlə nəfəs alması, süd əmərkən, ya da əmziklə qidalanarkən alnının çoxlu tərləməsi, qidalanarkən tez yorulması, ara verməsi, yaxud yuxuya qalması, yuxu nizamının pozulması hallarını göstərmək olar. İrəliləmiş mərhələdə ürək rahatsızlığına körpədə çəki artımının dayanması, eləcə də boy artımının geri qalması, müəyyən müddət içərisində körpənin ürək döyüntülərinin nəzərəçarpacaq dərəcədə artması, ürəyin olduğu yerdə sinənin qabarıq hala gəlməsi, körpənin tez-tez sətəlcəm və ya bronxit olması, daha böyük uşaqlarda isə tez yorulma, sinə ağrısı və ürəkdöyünmə kimi əlamətlər ortaya çıxır.

İkinci əlamət isə siyanotik ürək xəstəliklərinə aiddir. Bu zaman körpənin dodaqlarında və barmaq uclarında - dırnaqda göyərmə olur. İlk vaxtlar bu göyərmə arada bir, xüsusilə də körpə ağladığı zaman yüngül bir şəkildə ortaya çıxsa da, getdikcə artır və davamlı xarakter alır. Körpə ağladığı zaman, qidalanmadan sonra, səhər oyandığında və ya isti vanna qəbul etdikdən sonra özündən getmə deyilən hal keçirməyə başlayır. Üzünün ağarması və ya göyərməsi, qısa müddətə də olsa ətrafla əlaqəsinin kəsilməsi və gözlərin sabit bir nöqtəyə baxması, daha böyük uşaqların yorulduqlarında göyərməsi və yerə çöməlmə ehtiyacı duyması da müşahidə olunur.
 
Ana da günahkardır?

Alimlərin fikrincə, artıq hətta birgünlük, 2 kq çəkili, ürək qüsurlu körpələr uğurlu əməliyyat edilirlər. Bir ailədə birdən çox uşaqda anadangəlmə ürək xəstəliyinə çox nadir hallarda rast gəlinir. Bəzən valideynlər ürəyində qüsur olan uşaqlarının fiziki aktivliyinə qadağalar qoyurlar. Bu vəziyyət onların yaşıdları ilə bərabər olmasını əngəlləyərək uşağın həyat səviyyəsinin düşməsinə səbəb olur.

Onu da qeyd edək ki, ürəyində yüngül bir qüsur olan, lakin uğurlu əməliyyat keçirən qadın xəstələrin çoxu hamiləlik sonrası normal doğuş edə bilirlər. Bəzi anadangəlmə ürək xəstəliklərində, yəni ağır və ya göyərmə ilə müşahidə edilən xəstəliklərdə hamiləlik sağlamlıq baxımından təhlükəli ola bilər və doğumla bağlı daim nəzarət tələb edir. Adətən anadangəlmə ürək xəstəliyi olan uşağın doğulma ehtimalı 100 doğuşda 1 gerçəkləşir. Bu faiz ailədəki uşaqlar, yaxud ana və ya atanın anadangəlmə ürək xəstəsi olduqda bir az daha yüksəkdir.

Anadangəlmə ürək xəstəliyi körpə ana bətnində olarkən exokardioqrafiya ilə təşxis edilə bilir. Ana hamiləlik dövründə yaxşı qidalanmaqla yanaşı, siqaret, spirtli içkidən uzaq durmalıdır. Uşağın yaşına bağlı olaraq ürək dəqiqədə 60-150 dəfə vurur. Bəzən ürək döyüntüsü çox sürətli (taxikardiya) olur. Bu vəziyyət hər zaman anadangəlmə ürək xəstəliyinə bağlı olaraq yaranmaya bilər. Ürək döyüntüsü sürətini normal səviyyəyə düşürmək üçün dərman istifadəsi önəmli ola bilər. Uşağın ürək döyüntüsü çox yavaş (bradikardi) da ola bilər. Bradikardi adətən anadangəlmə olaraq ortaya çıxsa da bəzən əməliyyatdan sonra da yarana bilər. Buna görə də bəzi uşaqlarda ürəyin normal çalışmasını təmin edən bir cihaz - ürək pili taxılması lazım gəlir. Hazırda diaqnoz üsulları və ürək əməliyyatları sahəsində inkişafla bağlı olaraq əvvəllər ümidsiz olaraq xarakterizə edilən xəstəliklər müalicə edilir.

Anadangəlmə ürək xəstəliklərinin mənbəyində nə dayanır?

Anadangəlmə və qazanılmış ürək qüsurlarının olduğunu deyən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri Elnur Həsənov bildirdi ki, anadangəlmə ürək xəstəliklərinin mənbəyində müxtəlif əlamətlər dayanır. Belə ki, anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri sırasında irsi keçid, qohum evliliklər, valideynlərin ikisindən birinin alkoqollu içki qəbul etməsi, radiasiya və s. amillər yer alır. Eyni zamanda əldə, ayaqda, dodaqda göyərmə, tez yorulma, tez-tez xəstələnmə kimi əlamətlər ürək qüsurlarından şübhələnməyə imkan yaradır. Uşaqlarda bu problemin aşkarlanmasına gəldikdə isə həkim deyir ki, artıq hamiləliyin 2 həftəliyində körpənin ürəyi döyünməyə başlayır. Mövcud qüsurla bağlı əməliyyatdan sonra isə uşaqlar kifayət qədər aktiv və tam sağlam həyat tərzi sürə bilirlər, amma bir şərtlə ki, əməliyyat uğurlu keçsin. Uşaqlarda bu problemin müalicəsi mümkün olduqda dərmanla aparılır, əks halda əməliyyata üstünlük verilir. Bəzən ürəyə pil qoyulur ki, müəyyən müddətdən sonra ehtiyac olmadıqda o çıxarılır.

E.Həsənov onu da qeyd etdi ki, müalicə nə qədər erkən olarsa, müsbət nəticə verər. Əks təqdirdə, müalicə çətinləşir: "Hətta bu gün dünyada ürəklə bağlı problemi olan uşaqların arasında Avropa, olimpiya çempionları olan idmançılar var. Ölkəmizdə belə bir məşhur idmançı var".

Anadangəlmə ürək qüsurlu uşaqların sayının artmasına gəldikdə isə E.Həsənov bildirdi ki, sadəcə son zamanlar bu xəstəliyi aşkar etmək imkanları artıb, yəni, erkən aşkar edilir: "Əvvəllər isə bunu aşkar etmək mümkün deyildi və uşaqlar tələf olurdu. Bu gün ölkəmizdə bütün anadangəlmə ürək qüsurları aradan qaldırılır. Hətta artıq son bir neçə aydır bu xəstəliyin müalicəsi üçün Azərbaycandan kənara heç kəs getmir. Bütün əməliyyatlar ölkəmizdə və uğurla həyata keçirilir. Bu templə getsək, yaxın zamanlarda bizdə uşaq ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq".

Nigar
Milli.Az