Qardaş Türkiyənin "Haberturk" qəzetinin tanınmış yazarı Gurşad Zorlu son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə köşə həsr edib.
Müəllif 44 günlük qələbədən sonra yaşanan prosesləri analiz edib. Yazır ki, Rusiyanın vasitəçiliyi ilə sona çatan Qarabağ savaşından sonra Azərbaycanın işğalda olan torpaqlarının 80 faizi azad olundu.
"Lakin bu anlaşmadan sonra yeni və uzun sürən bir proses başlandı. Artıq problem tərəflər arasında psixoloji savaşın bir halına gəlir", - deyə müəllif yazır. Müəllif bildirir ki, Laçın bölgəsindəki Qaragöllə bağlı sərhəd anlaşılmazlığından Rusiya yararlanmağa çalışır. Moskva sərhədlərin müəyyən olunmasında özünün iştirakını göstərmək istəyir. "Aldığım xəbərə görə, 4 və ya beş kənd Azərbaycana verilə bilər", - deyə müəllif qeyd edir.
Türk yazar xüsusi qeyd edir ki, Paşinyan və digər rəsmilər nə qədər sərt açıqlamalar versələr də, arxa planda Azərbaycanla dialoqu qoruyub saxlamaq istəyirlər. "Bunu yaxşı bilirəm. Bakının da Ermənistanın daxili siyasətini yaxın izlədiyini əlbətdə söyləməyə gərək yox. Dolayısıyla bundan çıxış edərək sülh prosesini baltalamaq istəyən Ermənistandakı bəzi dairələr bu gerçəkliyi yaxşı görməlidirlər", - deyə fikrini bölüşüb.
Azər Nuriyev
Milli.Az